Medianews.az
32 dövləti birləşdirən “kağız pələng”? –
88 baxış

32 dövləti birləşdirən “kağız pələng”? – ABŞ-nin tərk etmək istədiyi NATO-nun 77 illik tarixçəsi

ABŞ prezidenti Donald Tramp hazırda 32 üzvü olan Şimali Atlantika Müqaviləsi Təşkilatını (NATO) kəskin tənqid edib, onu “kağız pələng” adlandırıb və ölkəsinin alyansdan çıxmağı ciddi şəkildə nəzərdən keçirdiyini bildirib.

Bu mövqe əsasən İran ətrafında yaranmış gərginlik fonunda formalaşıb. Tramp hesab edir ki, ABŞ öz müttəfiqlərinə ciddi dəstək göstərsə də, Avropa ölkələri Vaşinqtonun hərbi təşəbbüslərinə adekvat cavab vermir.

ABŞ-nin dövlət katibi Marko Rubio da deyib ki, İranla müharibə başa çatandan sonra Vaşinqton NATO ilə münasibətləri yenidən nəzərdən keçirməli olacaq: “NATO-nun ölkəmiz üçün dəyərini yenidən nəzərdən keçirmək lazım gələcək. Nəticə etibarilə bu, prezidentin verəcəyi qərardır”.

Rubio xatırladıb ki, NATO-dakı müttəfiqləri ABŞ-nin onların ərazisindəki hərbi bazalardan istifadə tələblərini rədd edib: “Biz onlardan İrana hava hücumları keçirməyi istəmirik. Onların hərbi bazalarından istifadə etməyə icazə verilməsinə ehtiyac duyduğumuz vaxtda rədd cavabı alırıq. Bəs biz niyə NATO-dayıq? Əgər ehtiyac duyduğumuz vaxtda bu bazalardan istifadə etməyə icazə verilməyəcəksə, bütün bu Amerika qüvvələri regionda niyə yerləşdirilib?”

Bəzi ekspertlər Trampın və Rubionun son açıqlamalarını quru bəyanatlar deyil, Qərb ittifaqının gələcəyinə yönəlmiş strateji siqnal kimi qiymətləndirir və bildirirlər ki, ABŞ-nin NATO-dan mümkün çıxışı bütövlükdə alyansın gələcəyini sual altına qoya, təhlükəsizlik arxitekturasını kökündən dəyişə bilər.

Medianews.az qeyd edir ki, NATO-nu 1949-cu ildə ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, İslandiya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Norveç, Portuqaliya yaradıb.

Türkiyə və Yunanıstan quruma 1952-ci ildə qoşulublar.

Qərbi Almaniya (1990-cı ildən Almaniya) 1955-ci ildə NATO-ya üzv olub.

İspaniya hərbi-siyasi ittifaqa 1982-ci ildə girib.

Çexiya, Macarıstan və Polşanın NATO üzvlüyü 1999-cu ildə rəsmiləşib.

Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniya 2004-cü ildən NATO-da təmsil olunurlar.

Albaniya və Xorvatiyanın üzvlüyü 2009-cu ildə başlayıb.

Monteneqro 2017-ci ildən ittifaqdadır.

Şimali Makedoniya NATO sıralarına 2020-ci ildə əlavə edilib.

Finlandiya quruma 2023-cü, İsveç 2024-cü ildə qoşulub. 

NATO-nun mənzil-qərargahı Belçikanın paytaxtı Brüsseldə yerləşir.

2024-cü ilin oktyabrından NATO-nun baş katibi Mark Ruttedir. O, bu vəzifəyə seçilənə qədər 14 ilə yaxın Niderlandın baş naziri olub.

Medianews.az

Bizə qoşulun