Medianews.az
Generalın Suriya, Türkiyə və Azərbaycan <span style=color:red>AÇIQLAMASI: "Bəhanələr keçərli deyil”
242 baxış

Generalın Suriya, Türkiyə və Azərbaycan AÇIQLAMASI: "Bəhanələr keçərli deyil”

Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Suriyadakı hərbi strukturlara və hüquq mühafizə qurumlarına toxunub. O, Suriya daxilində silahlı qruplaşmaların mövcudluğunun qəbuledilməz olduğunu bildirib. Fidanın sözlərinə görə, Suriyada yalnız dövlətin rəsmən nəzarət etdiyi ordu və hüquq mühafizə orqanları olmalıdır: “Biz hansı məqsədlə fəaliyyət göstərməsindən asılı olmayaraq özbaşına silahlı dəstələrin varlığını qəbul edə bilmərik”. Türkiyə uzun müddətdir Suriyadakı silahlı qruplaşmalarla bağlı narahatlığını ifadə edir və bu məsələnin həlli üçün rəsmi Dəməşqlə, beynəlxalq tərəfdaşlarla koordinasiyalı siyasət yürüdür. Hakan Fidanın bəyanatı Türkiyənin Suriya siyasətində hansı yeni mesajları ehtiva edə bilər? Suriyada dövlətin tam nəzarətində olan ordu və hüquq mühafizə orqanlarının qurulması nə dərəcədə real görünür? Türkiyə ilə Suriya arasında mümkün razılaşmalar regionda hansı nəticələr doğura bilər? Bu proseslərin Azərbaycana təsiri, yaxud Azərbaycanın da Türkiyənin bu tələblərinin reallaşmasında iştirakı mümkündürmü? Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi-siyasi ekspert, ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib ki, Türkiyə daima Suriyanın ərazi bütövlü prinsipini dəstəkləyib, gələcəkdə də belə olacaq. General qeyd edib ki, dövlətin oturuşa bilməsi üçün bayrağı, konstitusiyası, ordusu, rəsmi strukturları olmalıdır: “Bu sistem daxilində bütün elementlər dövlətə tabe olmalıdır. Suriyadakı yeni keçid dövründə də Türkiyə “İraq-Şam İslam Dövləti” (İŞİD) adlanan terror təşkilatının, o cümlədən adı nə olur olsun başqa terrorçu qrupların, bir sözlə, dövlətin silahlı qüvvələri xaricində heç bir silahlı təşkilatın varlığını qəlub etmir. Həmin silahlı təşkilatlar Suriyanın bütövlüyü, suverenliyi üçün ən böyük təhdiddir. Daha bir mühüm məsələ ölkədə xarici dövlətlərin hərbi mövcudluğudur. Suriyada keçid mərhələsi sona çatdıqdan sonra, terror təşkilatları məhv edildikdən sonra xarici dövlətlərin qoşunları ölkəni tərk etməlidir. Əks halda Suriya dövlətinin suverenliyindən söhbət gedə bilməz. Təbii ki, bu asan proses deyil. Düşünürəm ki, proses, xüsusilə terror təşkilatlarının məhvi hələ bir-iki il çəkə bilər. Bəzi qruplar guya İŞİD-ə qarşı döyüşmək üçün orada olduqlarını deyirlər, lakin bu bəhanələr keçərli deyil. Ankara dəfələrlə terror təşkilatlarına qarşı ortaq mübarizə aparılmalı olduğunu, lazım gələrsə Türkiyənin bu mübarizəni təkbaşına aparacağını bəyan edib”. Yücel Karauz vurğulayıb ki, Əsəd rejimi devriləndən sonra Azərbaycan Suriyaya maddi-texniki, logistik, humanitar dəstək verməyə başlayıb: “Yaxın Şərqin terrordan təzmizlənməsi, sabitliyə qovuşması, qaçqın düşmüş suriyalıların torpaqlarına qayıtması mövzusunda Türkiyə və Azərbaycan eyni baxış bucağına sahibdir. Lakin hazırkı vəziyyətdə şəxsən mən Azərbaycanın Suriya, Yaxın Şərq mövzusuna dərindən inteqrasiya olunmasına ehtiyac görmürəm. Türkiyə Suriya və İraq torpaqlarından sızan terrorçuları dərhal zərərsizləşdirmək əzmindədir. Türkiyə 40 ildir terrorla mübarizədə çox böyük itkilər verib. Suriyanın hazırkı hakimiyyətinin terrorla mübarizəni Türkiyə ilə birgə aparması vacibdir. Türkiyə ilə Suriya arasında 810 kilometrlik sərhəd var. Biz qonşuyuq və bu, əbədi qonşuluqdur. Ona görə Türkiyə problemlərə, xüsusilə terrorçuluğa qarşı birgə mübarizə aparmaq, Suriyanın inkişafına töhfə vermək məsələsində qətiyyətlidir. Suriyanın da mövqeyi qətidir. Suriya bu qətiyyətini davam etdirsə, hamı, ilk növbədə Suriya, əlbəttə, həm də Türkiyə bundan xeyir görəcək”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun