“Mən hər il özümə yeni-yeni işlər arzulayıram. İşdən qorxan deyiləm. Zəhmətkeşəm, enerjiliyəm, pozitivəm. Niyyətim xoşdur. Ətrafımdakı insanlarla yola getməməyimə səbəb mənim daha tələbkar, məsuliyyətli olmağımdır. Bəzən “kafası gelişmemiş” insanlarla da rastlaşırıq. Amma 2025-ci il inşallah gözəl olacaq. Biz gözəl düşünməliyik. Niyyətimizi və enerjimizi gözəl etməliyik. Şükür etməliyik”
Bunu
Medianews.az-a açıqlamasında tanınmış müğənni
Xatun Əliyeva deyib. O daha sonra əlavə edib:
“Biz insanlar yaradanın bizə yaşatdıqlarına qarşı çıxa bilmərik. Bu məndən, səndən asılı olmayan hadisələrdir. Allahın verdiyinə də, aldığına da şükürlər edirəm. Üsyan və qəzəbdən uzaq dururam. Bunu yaşamışam və görmüşəm. Yenə də hər şeyə rəğmən sevdiklərimizə görə yaşamalıyıq, mücadilə etməliyik, insanları sevməliyik” deyə müğənni bildirib.

Xatun deyib ki, bəzən ətrafı müşahidə edir və sakitcə susur:
“Mən ətrafa baxıram, fərqi yoxdur, kimdə nə gözəldirsə, göz oxşayırsa bütün o gözəllikləri görürəm. Xoşuma gəlməyən nələrisə görəndə də ona normal münasibət bəsləyirəm. Öz-özümə deyirəm ki, sən bunu düzəldə bilməzsən, bu xaosun içinə girə bilməzsən, sən heç bir söz demək iqtidarında deyilsən. Söz demək iqtidarında olan insanlar susursa, sən niyə danışmalısan ay Xatun? Bu gün Allahın verdikləri ilə belə gözəl bir həyat yaşayıram. Gözəlliklər axtarıram, pozitiv həyat istəyirəm. Hər şeyi fərqli görürəm” deyə müğənni bildirib.

Xatun vurğulayıb ki, acılar yaşayan insanın həyata baxışı fərqli olur:
“Acı çəkməmiş bir insanla edilən hər bir söhbət sonunda boşboğazlığa gətirib çıxarır. Acılar insanı böyüdür. İnsan tanıyıram ki, 16-18 yaşında əzizlərini, valideynlərini itirir. Mən görürəm ki, onlar həyatı öz yaşlarından da böyük kimi dərk edirlər. Həyatı, yetimçiliyi dərk edirlər. Doğmanı itirməyin nə qədər acı olduğunun bir daha şahidi oluruq. Ölüm haqdır, heç kim bu dünyadan sağ çıxmayacaq. Bütün canlılar ölümü dadacaq. Amma qoy vaxtında, vədəsində olsun. Həyatda acı çəkmiş insanlar digərlərinə nisbətdə daha düşüncəli və başa düşən olurlar” deyə Xatun Əliyeva bildirib.

Xatun Əliyeva bağışlamadığı insanlardan da danışıb:
“Yalanı, xəyanəti, nankorluğu qəbul edə bilmirəm. Əgər bir insanın xislətində bu kimi hallar baş verirsə çalışıram ondan uzaq durum. Həyatdır, bəzən yox demək olmur. Ona görə də bağışladığım vaxtlar da olub. Amma bağışlamadığım insanlar da var. Əslində onları da ruhən qəlbimdə bağışlamışam, amma onların mənə nə etdiklərini unutmuram. Bu həyatda heç birimiz heç nədən sığortalanmamışıq. İnciyirik də. Biz də kimisə incidirik. Kimsə bizim, bizdə kiminsə ahını alırıq. Bu gün yaşadıqlarımdan sonra çalışıram ki, öz ağlımla, psixologiyamla bunları tənzimləyim, yoluna qoyum. Bəzi mövzuları insanların müzakirəsinə verməyi sevmirəm. İstəmirəm ki, kimsə oturub məni müzakirə etsin. Verilişlərə çox çıxmamağımın səbəbi də budur ki, bəzi aparıcılarla enerjim üst-üstə düşmür. Sonra özümə baxanda görürəm ki, ya onun səviyyəsinə düşüb səhvlər buraxmışam, ya da ki, orada çoz əziyyət çəkmişəm, ab-hava ürəyimcə olmayıb, durub getmək istəmişəm” deyə müğənni bildirib.
Əli Əsgər