Medianews.az
Niyə İspaniya? -
228 baxış

Niyə İspaniya? - İZAH

İspaniya 23-cü dünya çempionatının qalibi oldu.

Bu çempionatda məhz İspaniyanın qalib gələcəyini düşünənlər çox idi.

Medianews.az-ın hələ çempionatdan öncə keçirdiyi sorğuda iştirak edən Azərbaycanın idman jurnalistləri də “2026-cı ildə dünya çempionu olmağa hansı komandalar şanslı görünür” sualına cavab verərkən ilk yerdə məhz İspaniya yığmasını göstərmişdilər.

Medianews.az xatırladır ki, İspaniya bundan qabaq yalnız bir dəfə - 2010-cu ildə dünya çempionu olmuşdu.

Beşqat dünya çempionu Braziliyanın, dünya kubokuna dörd dəfə yiyələnmiş Almaniyanın, bu zirvəyə üç dəfə qalxmış Argentinanın, iki dəfə dünya çempionu olmuş Uruqvay və Fransanın, dünya çempionu adını bir dəfə qazansa da, futbolun vətəni sayılan İngiltərənin iştirak etdiyi yarışda İspaniyanın qələbə çalmasını necə izah etmək olar?

Hələ çempionatdan öncə tanınmış idman icmalçısı Rasim Mövsümzadənin Medianews.az-a dediyi kimi, İspaniya yığması son illərdə çox sabit oyun və yüksək nəticələr göstərib.

İspaniya millisi 2024-cü ildə Avropa çempionatının qalibi olub. İspanlar həmin yarışda Xorvatiya, İtaliya, Almaniya, Fransa və İngiltərə kimi rəqibləri məğlub edə biliblər.

İspaniya millisi topa nəzarətə və qısa ötürmələrə əsaslanan oyun üslubu ilə seçilir. Məhz bu xüsusiyyət onu məğlub edilməsi müşkül olan komandalardan birinə çevirib. Son üç ildə heç bir rəqib rəsmi matçların əsas və ya əlavə vaxtında İspaniyaya qalib gələ bilməyib. Komanda yalnız 2024-cü ildə yoldaşlıq görüşündə Kolumbiyaya (0:1) və ötən il UEFA Millətlər Liqasının finalında penaltilər seriyasında Portuqaliyaya uduzub.

Komandanın baş məşqçisi Luis de la Fuente məşqçi kimi İspaniyanın U-19, U-21 və U-23 komandaları ilə uğur qazanaraq 2022-ci ildə əsas milliyə yüksəlib və DÇ-2026-ya gələnədək bu komanda ilə artıq Avropa çempionu tituluna sahib çıxa bilib.

R.Mövzumzadənin qeyd etdiyi kimi, İspaniya millisinin əsas gücü geniş və keyfiyyətli heyətidir. Komandanın onurğa sütununu böyük ölçüdə “Barselona”nın futbolçuları təşkil edir. Ardıcıl ikinci mövsüm İspaniya çempionu olan klubun səkkiz təmsilçisi millinin DÇ-2026 üçün heyətində yer almışdı. Bunlar ehtiyat qapıçı Joan Qarsia, müdafiəçilər Erik Qarsia və Pau Kubarsi, yarımmüdafiəçilər Qavi və Pedri, hücumçular Ferran Torres, Dani Olmo və Lamin Yamaldır.

Heyətdə İngiltərə çempionu “Arsenal”ın da üç oyunçusu var. Bunlar qapıçı David Raya, yarımmüdafiəçilər Mikel Merino və Martin Zubimendidir.

Beləliklə, DÇ-2026-da İspaniyanı qələbəyə aparan əsas amillər son illərin uğurlu nəticələri, məğlubedilməz oyunlar seriyası, Luis de la Fuentenin rəhbərliyi altında formalaşmış sabit komanda modeli və yüksək səviyyəli futbolçulardan ibarət güclü heyət olub.

Xatırladaq ki, 23-cü dünya futbol çempionatına ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edib.

Mundialın final oyununda İspaniya və Argentina yığmaları qarşılaşıb. Nyu-York şəhərindəki "MetLayf" stadionunda oynanılan görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda İspaniya millisi fərqlənə bilib. 106-cı dəqiqədə rəqib qapısına yol tapan Ferran Torres İspaniyaya qələbə qazandırıb. Bununla da komanda tarixində ikinci dəfə dünya çempionu olub.

Çempionat iyunun 11-dən iyulun 19-dək keçirilib. 48 komanda 12 qrupda yarışıb. İlk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alıb.

1/16 final iyulun 4-də bitib.

İyulun 4-dən start götürən 1/8 final 7 iyulda başa çatıb.

9-12 iyulda 1/4 final, 14-15 iyulda yarımfinal, 19 iyulda üçüncü yer uğrunda oyun və final oyunu keçirilib.

1930 və 1950-ci illərdə Uruqvay, 1934, 1938, 1982 və 2006-cı illərdə İtaliya, 1954, 1974, 1990 və 2014-cü illərdə Almaniya (Qərbi Almaniya), 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə Braziliya, 1966-cı ildə İngiltərə, 1978, 1986 və 2022-ci illərdə Argentina, 1998 və 2018-ci illərdə Fransa, 2010 və 2026-cı illərdə İspaniya dünya çempionu olub.

Medianews.az

Bizə qoşulun