Medianews.az
Hansı yığma dünya çempionu olacaq? –
128 baxış

Hansı yığma dünya çempionu olacaq? – Azərbaycanın idman jurnalistlərinin proqnozları

Qarşıdan dünya futbol çempionatı gəlir. İyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək çempionatda 48 komanda iştirak edəcək.

Bu, 23-cü dünya çempionatıdır.

1930 və 1950-ci illərdə Uruqvay, 1934, 1938, 1982 və 2006-cı illərdə İtaliya, 1954, 1974, 1990 və 2014-cü illərdə Almaniya (Qərbi Almaniya), 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə Braziliya, 1966-cı ildə İngiltərə, 1978, 1986 və 2022-ci illərdə Argentina, 1998 və 2018-ci illərdə Fransa, 2010-cu ildə İspaniya dünya çempionu olub.

2026-cı ildə dünya çempionu olmağa hansı komandalar şanslı görünür?

Medianews.az bu sualla idman jurnalistlərinə müraciət edib.

“Futbol+” qəzetinin və Football-plus.az saytının baş redaktoru Mahir Rüstəmli deyir ki, əsas favoritlər İspaniya ilə Fransadır: “Yetərincə güclü olan daha bir neçə komanda - İngiltərə, Argentina və Braziliya yığmaları var. Türkiyə yığması, işlər yaxşı gedərsə, yəni qrupdan növbəti mərhələyə üçüncü yeri tutan komanda kimi yox, ilk iki yerdən birinin sahibi kimi çıxarsa, 1/4 finala qədər irəliləyə bilər”.

Qol.az saytının baş redaktoru Aydın Bağırov çox maraqlı bir çempionat gözləyir: “İlk dəfədir dünya çempionatına 48 komanda qatılır. 1998-ci ildən çempionat 32 komandanın iştirakı ilə keçirilirdi. Komanda sayı əhəmiyyətli dərəcədə artıb və rəngarəng bir çempionat olacağını düşünürəm.

Oyunlar Amerika qitəsində keçiriləcəyi üçün saat fərqinə görə azarkeşlərimizə müəyyən narahatlıqlar yaranacaq. Bir çox oyun bizim vaxtla səhər tezdən başlanacaq. Azarkeşlərimiz həmin oyunları izləmək üçün yuxularına haram qatmalı olacaq. Amma bizim vaxtla axşam saatlarına düşən oyunlar da var.

Bizi maraqlı, rəngarəng bir yarış gözləyir. 2022-ci ildə dünya çempionatının qalibi Argentina millisi olmuşdu. Məncə, bu dəfə dünya kuboku Avropa qitəsinə gələcək. İspaniya milli komandası son dərəcə yaxşı formadadır. Bu komandanın həm yaxşı gənc oyunçulardan ibarət heyəti, həm də güclü məşqçisi var. Üstəlik, İspaniya son Avropa çempionudur. Bu səbəblərdən əsas favorit kimi İspaniyanı görürəm.

Fransanı da unutmamalıyıq. Braziliya milli komandası da Karlo Ançelottinin rəhbərliyi altında bu yarışa möhkəm hazırlaşır. Şübhəsiz, yarışın qalibi olmağa çalışacaq, 2002-ci ildən sonra dünya çempionu ola bilmir.

Son dünya çempionu, Messinin kapitanı olduğu Argentina milli komandası da favoritlər sırasındadır. Amma mənim birinci namizədim İspaniya millisidir”.

İdman yazarı Rasim Mövsümzadə də son Avropa çempionu İspaniya millisini 2026-cı ilin dünya çempionatının əsas favoriti sayır: “Bu komanda 3 ildir rəsmi oyunların əsas və ya əlavə vaxtında məğlub olmur. Səkkiz futbolçusu ardıcıl ikinci mövsüm İspaniya çempionluğu qazanan “Barselona”nın üzvüdür. Onlardan da 18 yaşlı vinger Lamin Yamala ümidlər daha böyükdür.

Digər favoritlər kimi Avropadan Fransa və İngiltərə, Cənubi Amerikadan Argentina və Braziliyanın adlarını çəkmək mümkündür. Norveç millisi isə mundialın sürpriz komandası ola bilər”.

Medianews.az xatırladır ki, 23-cü dünya futbol çempionatının final raundunda 48 komanda 12 qrupa bölünüb. İlk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alacaq.

A qrupu
Meksika
CAR
Cənubi Koreya
Çexiya

B qrupu
Kanada
Bosniya
Qətər
İsveçrə

C qrupu
Braziliya
Mərakeş
Haiti
Şotlandiya

D qrupu
ABŞ
Paraqvay
Avstraliya
Türkiyə

E qrupu
Almaniya
Kürasao
Fil Dişi Sahili
Ekvador

F qrupu
Niderland
Yaponiya
İsveç
Tunis

G qrupu
Belçika
Misir
İran
Yeni Zelandiya

H qrupu
İspaniya
Kabo Verde
Səudiyyə Ərəbistanı
Uruqvay

İ qrupu
Fransa
Seneqal
Norveç
İraq

J qrupu
Argentina
Əlcəzair
Avstriya
İordaniya

K qrupu
Portuqaliya
Konqo DR
Özbəkistan
Kolumbiya

L qrupu
İngiltərə
Xorvatiya
Panama
Qana.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun