Medianews.az
Hizbullahdan İsrail-Livan sazişinə
93 baxış

Hizbullahdan İsrail-Livan sazişinə sərt reaksiya

Hizbullahın Baş katibi Naim Qasım ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında imzalanan çərçivə sazişini sərt tənqid edərək onu “alçaldıcı və qüvvədə olmayan” sənəd adlandırıb.

Medianews.az xəbər verir ki, Qasım Vaşinqtonda imzalanan razılaşmanın Livanın suverenliyinə zərbə vurduğunu və ölkənin maraqlarına uyğun olmadığını bildirib.

Hizbullah lideri İsrailin Livandan çıxmasının müqavimət hərəkatının tərksilah edilməsi ilə əlaqələndirilməsini “çox təhlükəli təklif” kimi qiymətləndirib.

Onun sözlərinə görə, bu cür yanaşma bütün “qırmızı xətləri” keçir və Livanı İsrailin təsiri altına salmaq məqsədi daşıyır.

Qasım həmçinin İran-ABŞ anlaşma memorandumuna uyğun olaraq İsrail qoşunlarının Livandan çıxmasını tələb edib.

Müqavilənin elan olunmasından sonra paytaxt Beyrutda Hizbullah tərəfdarları etiraz aksiyalarına başlayıblar. Etirazçılar bir sıra küçələrdə təkərlər yandıraraq yolları bağlayıb və razılaşmaya qarşı şüarlar səsləndiriblər.

Məlumata görə, İsveçrədə ABŞ və İran arasında aparılan danışıqlar zamanı Livanda atəşkəsə nəzarət etmək üçün yeni mexanizmin yaradılması və İranın bu mexanizmə nümayəndə göndərməsi məsələsi də müzakirə olunub.

Qeyd edək ki, Vaşinqtonda İsrail və Livan nümayəndələri arasında keçirilən birbaşa danışıqların beşinci raundundan sonra tərəflər arasında çərçivə sazişi imzalanıb. ABŞ administrasiyası sənədin bölgədə hərbi gərginliyin azaldılmasına xidmət edəcəyini bildirir.

Medianews.az

Bizə qoşulun