Medianews.az
Gülbədən stansiyası
95 baxış

Gülbədən stansiyası

Yaxud, “Həzi Aslanov”da necə yox oldum

Bir “plastik cərrah” var, keçən il əməliyyat apardığı zaman rəqsi ilə diqqət mərkəzinə gəlmişdi. Rəqs milli-mənəvi dəyərlərimizə uyğun olmadığı üçün xalq əsəbiləşdi, səhiyyə idarəsi açıqladı ki, onun plastik cərrahiyyə ilə bağlı lisenziyası, hətta ümumiyyətlə ali tibb təhsili yoxdur!

Ondan sonra xalq bir qədər sakitləşdi. Prinsipcə, alan razı, satan razı, kim kimi hansı masada doğrayır, bundan xalqa nə? Hər birimizin o birimizə münasibətimiz belədir: “Canınız cəhənnəmə”.

Ona görə də dün Gülbədən xanımın – bəli, səhv oxumadınız, həmin “cərrah”ın ismi-şərifi belənçik idi – təzədən öz fəaliyyətinə qayıtması barədə xəbəri və qəribə bir məkanda bir övrətdən yağ-piy çıxarmasının videosunu görəndə nə gizlədim, məni gic gülmək tutdu. Mənzərə tragikomik idi, hərçənd, buna gülmək bəlkə sinizm sayılmalıdır. Olsun. Siz baxanda gülməzsiniz.

Ancaq artıq piylərin çıxarılması – liposaksiya əməliyyatının icra olunduğu otaq, yalan olmasın, avtobus dayanacağı, ya da ferma kimi bir yer idi. Məsələn, “doktor” pasiyenti nehrəfason yellədərək artıq yağları çıxarırdı, bu minvalda hansısa yad şəxs qapını aralayıb prosesə baxır və... dişlərini ağardırdı.

Sözgəlişi, mən bu ünlü cərrahımızın (hər halda, hazırda ən tanınmış loğmanlarımızdan biridir) adını qoyan insanın uzaqgörənliyinə həmişə həsəd aparmışam. Yəni, “Gülbədən” – bir plastik-estetik cərrah üçün fantastik dərəcədə uyğun addır. Bu dərəcədə onluqdan vurmaq bəlkə uzağı Lionel Messinin Lamin Yamalı vannada çimizdirmək fotosunu 19 il qabaq çəkən fotoqrafa qismət olmuşdur. Fürsətdən istifadə edərək İspaniyanı aradaqalma üzrə dünya çempionu olması münasibətiylə təbrik edirəm. Yaxşı paslaşırlar və deyəsən, ilk dəfədir hücumçusu olmayan komanda dünya çempionu oldu. Böyük nailiyyətdir. İnşallah, növbəti çempionatda qapıçısız komanda birinci olub hamımızı sevindirsin. Tiki-taka oyun üslubunu kəşf eləyəni də, ümid edirəm, cəhənnəmdə qazanlar arasında paslaşarlar.

Qayıdaq mövzumuza. Mövzu isə budur ki, heç də hər şey göründüyü kimi deyil. Yəni, bütün plastik cərrahların adını “Gülbədən” qoymayıblar. Hətta bu xanım əfəndinin özünü də bəzi mənbələr “Gülbadə” adlandırır. Hansı düzdür, VVAQ söyləsin, Dədə Qorqudumuz oradır. O cümlədən, hansısa yerin adı hələ o yer olmağını bildirmir. Bir az qəliz söhbət oldu, başa düşürəm, ancaq niyə tələsirsiniz? İzahatı var.

Təzəlikcə “Həzi Aslanov” metro stansiyasına getməliydim, daha öncə isə “Ulduz” stansiyasına. Lakin avtobusun lövhəsində yazılan “Ulduz” sözü sən demə stansiyanı yox, kosmosdakı ulduzları ifadə edirmiş, çünki sürücü bizi 1 kilometr aralıda düşürüb getdi. Qınamaq da olmazdı, həqiqətən stansiyanın ətrafı toz-torpaq, xəndəklər üzündən “Ulduz savaşları” filmindəki Tatuin planetinin relyefini xatırladırdı, ora avtobusla girmək mümkün deyildi. Bəs bunu öncədən sərnişinlərə bildirmək olmazdımı? Bəlkə hərbi sirr imiş...

Xülasə, dərələrdən yel kimi, təpələrdən sel kimi aşıb birtəhər metroya girdim və “Həzi Aslanov”a üz qoydum. Həm stansiyadakı, həm vaqonun içindəki elektron lövhə doğru yolda olduğuma işarə edirdi, lakin sən saydığını say... “Əhmədli” stansiyasına çatanda məlum oldu qatar “Həzi Aslanov”a çatmadan geri qayıdır. “Həzi Aslanov”a getmək üçünsə qarşı xəttə keçmək lazım imiş. Baxmayaraq o xətdə andıra qalmış qatarın “Həzi Aslanov”a getdiyini işarə edən bir xırda detal da görünmürdü, metro zəhmətkeşi sayəsində yolu tapdıq. Yəqin Həzi Aslanov 41-45 arası tank döyüşlərində daha asan marşrutla irəliləyib.

Bununla əzablı yollar və ya Minotavrın labirinti bitirmi? He-he. Təzə başlayır... Qarşı xətdəki qatarın lövhəsində “İçərişəhər”ə getdiyi yazılsa da, vaqona minəndə, qatar tərpənəndə yazı çevrilib oldu “Həzi Aslanov”. Əsl möcüzə idi. Sən demə qatar bu yolla gedir “Həzi Aslanov”a, təzədən “İçərişəhər”ə qayıdır. Gəl başa düş. Heç özüm də əmin deyiləm oxuculara düzgün izah elədimmi. Bunu yalnız yerində yaşamaq lazımdır. Arada imkan tapın, “Həzi Aslanov” stansiyasına gedin. Tam bir zaman-məkan-qravitasiya kollapsı yaşamaq qarantidir.

Bələdçilərlə diskussiya nəticəsində öyrəndik ki, sən demə 3 ildir bu vəziyyət yaşanırmış. Hardasa təmir var imiş guya. Lap olsun, lövhə yazılarını dəyişdirmək bu qədər çətindirmi? Onu da Gülbədən xanım eləməlidir?

Ancaq stansiyada siçan kimi ora-bura qaçanda xeyli yağımız əridi, buna görə yeraltı, yerüstü nəqliyyat əməkdaşlarına dərin minnətdarlığımızı bildirirəm.

Zamin HACI

Bizə qoşulun