Xəbərin başlığını oxuyanlar təəccüblənəcəklər: Çətin sual? Milli Mətbuat Gününün necə qeyd olunacağı nə vaxtdan çətin sual olub?
İnanmırsınız soruşun görün mətbuat günü ilə bağlı tədbirlərin əsas təşkilatçılarından cavab ala biləcəksinizmi...
Bayram gününə çox vaxt qalsaydı, “...necə qeyd olunacaq” sualına cavab verilməməsini başa düşmək olardı. Amma Milli Mətbuat Günü sabah yox, birisi gündür.
Söhbət hansısa “bayram sirri”nin (bəzən sürprizlər olur) qabaqcadan açıqlanmasından da getmir.
Tutalım, Milli Mətbuat Günü paytaxtda bir qayda olaraq jurnalistlərin, redaksiya və media qurumları kollektivlərinin Fəxri xiyabanı ziyarət etməsi, sonra konfrans zallarından birində toplaşması ilə qeyd edilir. Yəqin sabah yox, birisi gün də belə olacaq. Amma məhz yəqin! Çünki hətta bu minimum informasiyanı da təşkilatçılardan almaq mümkün deyil.
Təməli 1875-ci ildə azərbaycanca ilk qəzetin – “Əkinçi”nin çap olunması ilə qoyulan 22 İyul Azərbaycan Milli Mətbuat və Jurnalistika Günü sadəcə peşə bayramı, eləcə jurnalistika günü deyil. Təqvimə qeyri-iş günü kimi salınmasa da, əslində milli bayramdır. Bunu mətbuat gününün necə qeyd olunacağını indi az qala hərbi sirr kimi saxlayan həmkarlarımızdan da az eşitməmişik.
Bayramınız mübarək olsun!