Hadisə yaxınlıqda olan “Tri Karasya” kafesinin təhlükəsizlik kamerası tərəfindən çəkilib
Ötən gecə Ukraynada “Sağ sektor”un tanınmış nümayəndələrindən olan Aleksandr Muzıçkonun qətlə yetirildiyi anların video görüntüləri yayılıb. ANS PRESS-in məlumatına görə, həmin hadisə yaxınlıqda olan “Tri Karasya” kafesinin təhlükəsizlik kamerası tərəfindən çəkilib.
Qeyd edək ki, Ukraynada “Sağ sektor”un tanınmış nümayəndələrindən olan Aleksandr Muzıçko ötən gün qətlə yetirilib. Rovenski prokurorluğu küçədə tapılan meyidin şəxsiyyətini araşdırarkən, müəyyən olub ki, öldürülən şəxs “Belıy Saşa” ləqəbilə tanınan Aleksandr Muzıçkodur. Onun üzərindən Aleksandr Muzıçkoya məxsus sənəd tapılıb.
Hadisə şahidlərinin verdiyi ifadəyə görə, onu sinə və qarın nahiyyəsindən “Makarov” markalı tapançadan güllələyiblər. Hadisə yerindən həmin silaha məxsus gilizlər tapılıb. Onun öldürülərkən paltarının cırıldığı da bildirilir.
Deyilənlərə görə, Aleksandr Muzıçkoya ilə birlikdə olan bir neçə nəfər də oğurlanıb. Hələlik həmin şəxslərin kimliyi məlum deyil.
Qeyd edək ki, “Saşko Belıy” internetdə yayılan videolardan sonra məşhurlaşıb. Videoların birində o, əlində silah Rovno Vilayət Şurasında çıxış edir. Digər videoda isə onun Rovno prokurorunu döydüyü görünür.
A.Muzıçko Çeçenistan müharibəsində çeçenlərin tərəfindən döyüşüb.