Yaxın Şərqdə ABŞ-İran gərginliyinin artdığı bir dövrdə İranın "Mehdi H" portalı yanvarın 28-də olan peyk görüntülərini dərc edib.
Publika.az xəbər verir ki, görüntülərə əsasən, İran çoxsaylı pilotsuz uçuş aparatlarını (PUA) daşıya bilən “Şəhid Bağeri” adlı hərbi gəmisini, ABŞ-ın Tehrana doğru sürətlə irəliləyən "USS Abraham Lincoln" təyyarə daşıyıcısına qarşı bölgəyə göndərib.
Hindistanın "The Times of India" qəzeti bu xəbəri "İran "dron canavarı"nı ABŞ-a qarşı buraxdı" başlığı ilə yayımlayıb.
Məlumata görə, İranın bu gəmisi ABŞ Hərbi Dəniz Qüvvələrindən cəmi 100 kilometr məsafədə lövbər salıb.
Qeyd edək ki, İran "Şəhid Bağeri” gəmisini ilk dəfə ötən ilin fevral ayında təqdim edib. Döyüş gəmisi təkcə dronların daşınmasını həyata keçirmir, həm də kəşfiyyat xarakterli PUA-ların idarə olunması üçün zəruri avadanlıqla da təchiz edilib. Hərbi gəminin əsas özəllikləri arasında onun bir istiqamətə əlavə yanacaq tələb edilmədən 22 min dəniz mili boyunca məsafəni qət edərək döyüş tapşırıqlarını yerinə yetirməsidir.
