Medianews.az
Avropa missiyası Ermənistan-Azərbaycan sərhədindən niyə əl çəkmir?
79 baxış

Avropa missiyası Ermənistan-Azərbaycan sərhədindən niyə əl çəkmir?

Avropa İttifaqının Ermənistandakı mülki missiyası kollektiv Avropanın guya Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazilərdə sabitliyi dəstəkləmək üçün yaratdığı missiyadır. Missiya mülki adlansa da onun tərkibi daha çox keçmiş və indiki hərbçilərdən, polis və xüsusi xidmət əməkdaşlarından formalaşıb.

Missiyanın əsas məqsədi rəsmən Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə müşahidə aparmaq, atəşkəsin pozulması faktlarını qeydə almaq və sənədləşdirmək, son nəticədə iki dövlət arasında sülh prosesi üçün müvafiq şəraitin yaradılmasını dəstəkləmək və bu prosesə yardımçı olmaq kimi müəyyənləşib. Lakin missiyanın daha çox Azərbaycan Ordusunun hissələrinin dislokasiyası, silahları və digər məsələlər barədə kəşfiyyat xarakterli məlumat toplaması diqqəti çəkir.

Əslində missiyanın yaradılması və Azərbaycanla razılaşdırılmadan səlahiyyət müddətinin 2027-ci ilə qədər uzadılması elan olunan rəsmi məqsədlə yanaşı kollektiv Avropanın regionda geosiyasi maraqlarının təmin olunması istəyi ilə şərtlənir. Avropa İttifaqı məhz mülki missiya adı altında Cənubi Qafqaz regionuna daxil olmaq, möhkəmlənmək istəyir. Bu istək isə Avropa İttifaqının bir tərəfdən Cənubi Qafqazda geosiyasi və geoiqtisadi maraqlarının təmin olunması, o cümlədən Zəngəzur dəhlizinin imkanlarından yararlanması, Rusiyanın regiondan sıxışdırılıb çıxarılması, Türkiyənin bölgədə artan nüfuzunun qarşısının alınması ilə əlaqədardır.

Qeyd edək ki, Rusiyanın regiondan sıxışdırılıb çıxarılması, Türkiyənin bölgədə artan nüfuzunun qarşısının alınması məsələsində Avropanın mövqeləri Ermənistanın mövqeləri ilə uzlaşır.

Bu gün artıq müşahidə missiasının fəaliyyətinin davam etdirilməsinə heç bir ehtiyac yoxdur. İki ilə yaxın bir müddət ərzində Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə hər hansı insidentin qeydə alınmaması, keçən ilin avqust ayının 8-də Vaşinqtonda imzalanmış üçtərəfli Bəyannamə, sülh sazişinin paraflanması, Zəngəzur dəhlizi (TRİPP) barədə əldə olunan razılaşmalar, xüsusən də onun icrası üzrə çərçivə sənədinin imzalanması bu missiyanın mövcudluğunu və fəaliyyətini əhəmiyyətsiz edib.

Belə bir vəziyyətdə Aİ-nin mülki missiyasının rəhbərinin sülh sazişi imzalanandan sonra Ermənistanla sərhəddən çıxmaq, lakin sərhədyanı kəndlərə vaxtaşırı monitorinq üçün gəlmək barədə bəyanatı bu qurumun hansısa formada Ermənistanda və onun vasitəsilə Cənubi Qafqazda qalmaq və Zəngəzur dəhlizinin imkanlarından bacardıqları qədər yararlanmaq niyyətinin göstəricisidir.

Qulamhüseyn Əlibəyli,
siyasi şərhçi

 

Bizə qoşulun