Medianews.az
“Makler evləri”: alıcı nəyə diqqət etməlidir? –
188 baxış

“Makler evləri”: alıcı nəyə diqqət etməlidir? – Ekspert məsləhəti

Son illər xüsusilə Bakı ətrafında, Abşeron yarımadasında “makler evləri” kimi tanınan fərdi yaşayış evlərinin sayı artmaqdadır. Bazarda nisbətən ucuz qiymətə təklif olunan bu evlərin həm tikinti, həm də sənədləşmə baxımından mövcud normalara uyğunluğu ciddi suallar doğurur.

“Makler evləri”ndə ən çox rast gəlinən tikinti qüsurları hansılardır? Bu tip evlər uzunmüddətli istismar üçün nə dərəcədə yararlıdır? Belə evləri alan şəxslər daha çox hansı sənəd problemləri ilə üzləşirlər? Alıcı evə baxış zamanı hansı məqamlara xüsusi diqqət yetirməlidir?

Mövzu ilə bağlı Medianews.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron bölgəsində 500 minə yaxın çıxarışsız fərdi yaşayış evi mövcuddur: “Bu evlərin bir hissəsi maklerlər, yəni ev satmaqla məşğul olan şəxslər tərəfindən inşa olunur. Həmin evlərin böyük əksəriyyətinin rəsmi sənədi yoxdur. Tikinti qanunvericiliyinə əsasən, hər hansı fərdi yaşayış evinin inşası üçün torpaq sahəsinin çıxarışı olmalıdır. Çıxarışda torpağın təyinatı “yaşayış məntəqələri torpaqları” kimi göstərilməlidir. Qanunvericiliyə görə, torpaq sahəsinin yalnız 40 faizində tikinti aparılmasına icazə verilir. Lakin tikilib satışa çıxarılan evlərə baxdıqda görürük ki, onlar əksər halda bir-birinə həddən artıq yaxın məsafədə inşa edilib. Bu cür sıx tikinti şəraiti yanğın zamanı alovun qısa müddətdə digər evlərə keçməsinə səbəb ola bilər. Eyni zamanda, zəlzələ baş verdiyi halda bir evin uçması zəncirvari şəkildə digər evlərin də dağılmasına gətirib çıxara bilər”.

Ekspert qeyd edib ki, Bakı ətrafında, xüsusilə Abşeron ərazisində əvvəllər çoxlu gölməçə və qamışlıq sahələr olub: “Həmin ərazilər sonradan qurudularaq üzərində fərdi yaşayış evləri tikilib. Qurudulmuş torpaq sahələrində inşa olunan evlərdə zaman keçdikcə çökmə, çatlama və konstruktiv problemlər müşahidə olunur. Bu baxımdan ucuz qiymətə təklif olunan evlərdə istifadə edilən tikinti materiallarının keyfiyyəti alıcı tərəfindən mütləq nəzərə alınmalıdır. Çünki əmlakın qiymətləndirilməsi zamanı torpaq sahəsinin dəyəri və tikinti xərcləri əsas götürülür. Əgər bu göstəricilərə baxmayaraq ev bazar qiymətindən xeyli ucuz təklif olunursa, böyük ehtimalla ya torpaq sahəsində, ya da tikintinin özündə qüsur var”.

E.Fərzəliyev vurğulayıb ki, vətəndaşlar çox vaxt məcburiyyətdən ucuz evlərə üz tuturlar: “Çünki çoxmənzilli bina evlərinin qiymətləri kəskin şəkildə bahalaşıb. Bu səbəbdən xüsusilə aztəminatlı ailələr büdcələrinə uyğun olduğu üçün keyfiyyəti aşağı, sıx tikilmiş olsa belə, bu tip evləri almağa məcbur qalırlar. Nəticədə müəyyən risklərə baxmayaraq, mənzil problemlərini qismən də olsa həll etmiş olurlar”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun