“Bizim sosial şəbəkələr biyabırçılıqdır. Nə deyim sizə? Həqiqətən də biyabırçılıqdır. Mən tiktoku izləmirəm. Bir neçə gün öncə Məsumə Babayeva dünyasını dəyişib. Allah ona rəhmət etsin. O da teatrda səhnələşdirilən “Qaraca qız” əsərində rol alıb. Sosial şəbəkə jurnalistləri mənim “Qaraca qız” filmimdən şəkilimi onun fotosu birlikdə ilə yapışdırıb yazıblar ki, “Qaraca qız vəfat etdi”. Görün nə qədər savadsızdırlar! Niyə götürüb onu bu cür paylaşmısız?! Belə biyabırçılıq olar?! Mən belə şeylərə fikir vermirəm. Bilirəm ki, vəziyyət bu sahədə çox pisdir. Oxuyanda dəhşətə gəldim. Nə qədər insan narahat olub, mənə zəng edib, mesaj yazıb”.
Bunu Medianews.az-a özəl açıqlamasında “Qaraca qız” filminin Tutusu - Sevil Zeynalova deyib.

O daha sonra bildirib ki, onun ölüm xəbərini tirajlayanlar sosial şəbəkədən qazanc əldə etmək istəyənlərdir: “Mən rəyləri oxudum. Bir çox izləyici yazıb ki, “Sevil xanım sağdır, rəhmətə getməyib”. Nə yaxşı ki, bizim savadlı insanlarımız üstünlük təşkil edir. İnandırım sizi ki, xarici ölkədə olsaydı bəlkə də onları məhkəməyə verərdilər?! Çünki həyatda olan insanı ölü kimi təqdim etmək heç bir savada, vicdana sığmır. Bilmirəm ki, hara zəng edib, kimə şikayət edim?! Ona görə də gözümü yumub keçdim. Yazan başa düşüb ki, niyə görə belə yazıb?! Məqsədləri də odur ki, çoxlu rəy gəlsin. Onlar axı belə xəbərdən reytinq güdürlər, pul qazanırlar. Haram xoşları olsun. Nə deyim? Bir ara Leyli Axundova üçün də yazmışdılar ki, “Xədicə rəhmətə gedib”. İnsanlar üçün niyə belə sözlər çıxarırsız? Üzr istəməyi də özlərinə ar bilirlər. Qanacaqsızlıqdır".

Sevil Zeynalova hər zaman söz-söhbətdən uzaq gəzdiyini söyləyib və buna görə də müsahibələrdən qaçıb.
“Böyük bir iş görməmişik bu kinoya çəkilmişik. Mən belə fikirləri görəndə filmə çəkilməyimə görə peşman oluram. Buna görə də nə efirə çıxmaq, nə də müsahibə vermək istəyirəm. Lazım bilmirəm” deyə Sevil Zeynalova bildirib.
Əli Əsgər
Medianews.az
