Avropa İttifaqı və Hindistan təxminən 20 il davam edən danışıqlardan sonra azad ticarət sazişi imzalayıblar. İmzalanma mərasimi sammit çərçivəsində Dehlidə keçirilib.
İmzalanma mərasimində Hindistanın baş naziri Narendra Modi, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının sədri Antonio Koşta iştirak ediblər. Modinin sözlərinə görə, bu, ölkə tarixində ən böyük azad ticarət müqaviləsidir. O, imzalanan sazişi “bütün sövdələşmələrin anası” kimi qiymətləndirib.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen imzalan sazişi Avropa tarixində mühüm hadisə adlandırıb. O, 2 milyard əhalini əhatə edən azad ticarət zonasının yaradıldığını və bundan hər iki tərəfin faydalanacağını vurğulayıb. Avropalı rəsmi mövcud sazişi bütün dövrlərin ən böyük ticarət razılaşması adlandırıb.
Bu sazişi bu qədər əhəmiyyətli edən nədir?
Hindistanla Avropa İttifaqı arasında imzalanan ticarət sazişinə görə, hər iki tərəf satışa çıxarılan malların 90 faizdən çoxuna idxal rüsumlarını ləğv edir və ya azaldır. “The Times of India”nın yazdığına görə, əldə olunan razılaşmaya əsasən Hindistan Avropadan idxal olunan meyvə şirələri, emal olunmuş ərzaq məhsulları, zeytun yağı, marqarin və digər bitki yağlarına tətbiq olunan rüsumları ləğv edəcək və bununla da Avropa İttifaqının kənd təsərrüfatı ixracı üçün öz böyük bazarını açacaq.
Bundan əlavə, hazırda 150%-ə çatan Avropa istehsalı güclü spirtli içkilərə tətbiq edilən rüsumlar 40%-ə endiriləcək. Digər tərəfdən telekommunikasiya, nəqliyyat, mühasibat uçotu və audit daxil olmaqla, xidmət ticarəti üçün normalar liberallaşdırılır. Avropa İttifaqı ekoloji əməkdaşlıq öhdəliyi götürüb və istixana qazı emissiyalarının azaldılması və “sənaye transformasiyası” üçün Hindistana 500 milyon avro ayıracaq.
Bu sazişdən əvvəl də Avropa İttifaqı Hindistanın ən böyük ticarət tərəfdaşı statusuna malik idi. Rəqəmlər də bundan xəbər verir. 2024-2025-ci illərdə Hindistan və Avropa İttifaqı arasında ikitərəfli mal ticarəti 136,53 milyard dollara çatıb. 2024-cü ildə xidmət ticarəti 83,1 milyard dollar təşkil edib.
Hazırki sazişin əhəmiyyəti həm də ondadır ki, hindistanlı ixracatçılar Çindən asılılığını azalda biləcəklər. Hindistanla Avropa İttifaqı arasında imzalanan ticarət sazişi Vaşinqtona da mesajdır. Məlumdur ki, ABŞ Prezidenti Donald Tramp Hindistanla ticarət sazişinin imzalanmasını ləngidir. Trampın Hindistandan tələbləri var. Təsadüfi deyil ki, ABŞ-nin maliyyə naziri Skott Bessent Brüssellə Dehli arasında imzalanan sazişi tənqid edib. “Biz Hindistana Rusiya nefti aldığına görə 25%-lik rüsum tətbiq etdik. Ancaq avropalılar Hindistanla ticarət sazişi imzaladılar. Avropalılar özlərinə qarşı müharibəni maliyyələşdirirlər” - deyə Skott Bessent bildirib. Buna baxmayaraq, Brüssel Vaşinqtonun məsləhətinə məhəl qoymayıb.
"Atlas" Araşdırmalar Mərkəzi