Medianews.az
Yeni mənzillərin qiymətində yumşalma nə vaxt baş verəcək? –
286 baxış

Yeni mənzillərin qiymətində yumşalma nə vaxt baş verəcək? – AÇIQLAMA

Ötən ilin hesabatına görə, Azərbaycanda yeni mənzillərin qiymətləri pik səviyyəyə çatıb. Qiymətlər yüksək olduğu üçün mənzilləri satmaq çətinləşib, alıcı sayı azalıb. Ekspertlər qiymətlərin yaxın gələcəkdə necə dəyişəcəyini və bazarda tənzimlənmənin olub-olmayacağını müzakirə edirlər. Bu vəziyyət həm alıcılar, həm də satışa çıxaranlar üçün narahatlıq yaradır. Azərbaycanda yeni mənzillərin qiymətləri yaxın gələcəkdə düşəcək, yoxsa yüksək səviyyədə qalacaq?

Mövzu ilə bağlı Medianews-a iqtisadçı-ekspert Akif Nəsirli danışıb. Onun sözlərinə görə, mövcud vəziyyət göstərir ki, yeni mənzillərin qiymətləri qısa müddətdə kəskin şəkildə ucuzlaşmaya bilər, lakin sürətli artım dövrü artıq başa çatıb.

“Qiymətlərin pik həddə çatması alıcı fəallığını azaldıb və bu hal bazarda əlavə təzyiq yaradır. Satışların zəifləməsi şəraitində bəzi tikinti şirkətləri endirimlər, kampaniyalar və daha çevik ödəniş şərtləri təklif etməyə başlayır ki, bu da faktiki olaraq qiymətlərin tədricən korreksiyasına gətirib çıxarır”,-deyə Akif Nəsirli bildirib.

Ekspert hesab edir ki, yaxın aylarda, xüsusilə tələbin zəif olduğu ərazilərdə qiymətlər daha çox sabit qalacaq və ya cüzi eniş göstərəcək: “Bahalı və geniş mənzillərin satışı daha çətin olduğu üçün onların qiymətində güzəştlər ehtimalı yüksəkdir. Daha əlçatan seqmentdə isə qiymətlər nisbətən yüksək səviyyədə qala bilər. Çünki bu tip mənzillərə ehtiyac davam edir. Ümumilikdə, bazarda kəskin ucuzlaşmadan çox, tədrici tənzimlənmə proqnozlaşdırılır. Bu vəziyyət alıcılar üçün daha geniş seçim və danışıqlar imkanı yaradır. Satıcılar üçün isə qiymət gözləntilərini bazarın real tələbinə uyğunlaşdırmaq zərurətini ortaya çıxarır”.

Oğuz Ayvaz
Medianews.az

Bizə qoşulun