Medianews.az
“Qərb pəhrizi”nin beyinə zərərini azaldan
51 baxış

“Qərb pəhrizi”nin beyinə zərərini azaldan məhsul açıqlanıb

Qidalanma vərdişlərinin insan sağlamlığına təsiri ilə bağlı yeni elmi araşdırmanın nəticələri açıqlanıb.

Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, Gazeta.ru-nun məlumatına görə, çia toxumundan hazırlanan un və yağ yüksək yağlı və şəkərli qidalanmanın beyin üzərində yaratdığı mənfi təsirləri qismən zəiflədə bilər.

Alimlərin bildirdiyinə görə, yağ və şəkərlə zəngin qidalanma rejimi iştahanın tənzimlənməsini pozur və sinir toxumasında iltihabi prosesləri gücləndirir. Araşdırmanın nəticələri “Qidalanma” adlı elmi nəşrdə dərc olunub.

Belə qidalanma rejimi adətən “Qərb pəhrizi” kimi tanınır və piylənmə, eləcə də ikinci tip şəkər xəstəliyinin artması ilə əlaqələndirilir. Mütəxəssislər bildirir ki, bu cür pəhriz təkcə maddələr mübadiləsinə deyil, eyni zamanda mərkəzi sinir sisteminə də mənfi təsir göstərir.

Tədqiqat zamanı müəyyən edilib ki, çia yağı toxluq hissini gücləndirən genlərin fəaliyyətini artırır. Həmin genlər orqanizmə doyma siqnalı verən zülalların yaranmasında mühüm rol oynayır.

Bununla yanaşı, həm çia unu, həm də çia yağı iltihabi proseslərin başlanmasına cavabdeh olan zülal birləşmələrinin fəallığını azaldıb. Çia ununun isə hüceyrələrin oksidləşdirici zədələrdən qorunmasında əsas rol oynayan genin fəaliyyətini gücləndirdiyi məlum olub.

Alimlər vurğulayır ki, əldə olunan nəticələr heyvanlar üzərində aparılan sınaqlara əsaslanır. Bu təsirlərin insanlarda da təsdiqlənməsi üçün əlavə klinik araşdırmalara ehtiyac var.

Mütəxəssislərin fikrincə, tədqiqat qidalanmanın beyin sağlamlığı üçün nə qədər vacib olduğunu bir daha göstərir. Düzgün seçilmiş ərzaqlar yalnız bədən çəkisinə deyil, beyində gedən molekulyar proseslərə də müsbət təsir göstərə bilər.

Bizə qoşulun