Medianews.az
ABŞ-İran müharibəsi – Risk artır - Vaşinqtonla Tehranın fərqli planları var -
81 baxış

ABŞ-İran müharibəsi – Risk artır - Vaşinqtonla Tehranın fərqli planları var - AÇIQLAMA

Dünya mediasında ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara əl atacağı, yəni faktiki ABŞ-İran müharibəsinin başlayacağı haqda məlumatlar dolaşmaqdadır. “Nyu-York Tayms” qəzeti hətta İrana yaxın iki gün ərzində hərbi zərbələrin endirilə biləcəyini xəbər verib. Nəşrin məlumatına görə, Vaşinqton Tehran üzərində təzyiqi kəskin şəkildə artırıb və nüvə danışıqları iflasa uğradığı təqdirdə önümüzdəki iki gün ərzində hərbi əməliyyatlar başlana bilər. Qəzet yazır ki, Prezident Donald Trampın çevrəsində müxtəlif ssenarilər müzakirə olunur – nüvə obyektlərinə dəqiq zərbələrdən tutmuş İranın hərbi və dövlət infrastrukturlarına hücumlara qədər.

Artıq bölgəyə ABŞ Hərbi Dəniz Qüvvələrinin və Hərbi Hava Qüvvələrinin bölmələri yerləşdirilib. Mətbuatın yazdığına görə, İran vasitəçilər üzərindən dialoqa hazır olduğunu, eyni zamanda mümkün hücum halında sərt cavab verəcəyi barədə xəbərdarlıq göndərib. Bu gərginlik fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ, İran və Türkiyə arasında üçtərəfli sammitin keçirilməsini – o cümlədən videokonfrans formatında – təklif edib. Türkiyə mənbələrinin məlumatına görə, Vaşinqton bu təşəbbüsə müsbət yanaşıb.

Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib ki, ABŞ və İran arasında hərbi toqquşma riski kifayət qədər yüksəkdir: “Amma hələ diplomatik kanallar tam bağlanmayıb. İki gün öncə Türkiyə və ABŞ prezidentləri arasında keçirilən telefon danışığında Rəcəb Tayyib Ərdoğan ABŞ tərəfinə üçlü formatda danışıqlar təklif edib. Bu prinsipcə müsbət qarşılanıb. Lakin ümumən biz dünən ABŞ-nin dövlət katibi Marko Rubionun Senatdakı çıxışına diqqət yetirsək eskalasiya riski kifayət qədər yüksəkdir. Görünən odur ki, tərəflər həm də məsələnin danışıqlar yolu ilə həll olunması qapılarını tam şəkildə bağlamırlar. ABŞ-nin, yəni Donald Trampın hərbi variantı seçəcəyi halda düşünürəm ki, o, ən qısa müddətdə dəqiq zərbələrlə müəyyən hədəflərə çatmağı düşünür. Bunun üçün konkret hədəflərin də müəyyən olunduğu deyilir”.

Politoloq vurğulayıb ki, burada hansısa quru əməliyyatlarından söhbət gedə bilməz: “Çünki bu, geniş miqiyasılı bir savaş və ümumiyyətlə, proqnozlaşdırılmayan nəticələr doğura bilər. İranın ərazisi kifayət qədər böyükdür. Ərazi dərinliyi quru əməliyyatlarının keçirilməsini ciddi şəkildə əngəlləyən faktordur. Güman ki, hava hücumları, o cümlədən dəqiq raket zərbələrinin endirilməsi əsas prioritet kimi nəzərdən keçiriləcək və ABŞ bunu maksimum qısa müddətə, bir necə günə həll etməyi düşünəcək. Amma həmin qısamüddətli əməliyyat Vaşinqtonun arzuladığı nəticəni verəcəkmi? Bu da ciddi sual olaraq qalır. İranın ballistik raket arsenalı, eyni zamanda dronları, yeni aldığı hava hücumundan müdafiə sistemləri və qırıcı təyyarələri var. Bunlar ABŞ-nin əməliyyatlarına mane ola, onu ləngidə biləcək faktorlardır.

Fikrimcə, ABŞ-nin istədiyi qısamüddətli dəqiq zərbələrlə nəticə almaq, İranın planı isə belə bir əməliyyat başlanarsa, əvvəla, ona mane olmaq, eyni zamanda savaşın miqyasını böyütmək və regiondakı Amerika bazalarını, ilk növbədə İsraili hədəfə almaqdır. Bütün hallarda düşünürəm ki, tərəflər hələlik danışıqlar vasitəsilə mümkün olan razılığı əldə etməyə çalışırlar. Lakin unutmayaq ki, ABŞ-nin irəli sürdüyü dörd əsas səbəb, xüsusilə İranın nüvə proqramının dayandırılması, ballistik raket istehsalının məhdudlaşdırılması kimi məsələlər İran tərəfindən çox da isti qarşılanmır”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun