Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaxın günlərdə və ya həftələrdə Türkiyə ilə sərhədin qismən açılmasını gözlədiyini bəyan edib.
Bunu Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında deyib.
Onun sözlərinə görə, tərəflər artıq Gümrü-Qars dəmir yolunun bərpası barədə razılığa gəliblər.
“Mən ümid edirəm ki, yaxın günlərdə və həftələrdə sərhədin ən azı qismən açılmasını, daha sonra isə zamanla tam açılmasını görəcəyik. Əminəm ki, bu, həm Ermənistan, həm də Türkiyə xalqı üçün faydalı olacaq”, – deyə nazir vurğulayıb.

Asif Şəkərli
Məsələ ilə bağlı nocomment.az-a danışan siyasi ekspert Asif Şəkərlinin sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi uzun illərdir regionun siyasi və iqtisadi gündəmində əsas mövzulardan biridir:
“1993-cü ildən etibarən bağlı olan bu sərhəd, xüsusilə Ermənistan üçün ciddi iqtisadi və siyasi məhdudiyyətlər yaradıb. Cənubi Qafqaz kimi strateji əhəmiyyətli məkanda sərhədlərin bağlı qalması isə regional əməkdaşlıq imkanlarını azaldıb və qarşılıqlı inkişafa mane olub. Bu vəziyyətin kökündə Ermənistanın işğalçılıq siyasəti dayanıb və nəticədə ən çox zərər görən tərəf elə Ermənistanın özü olub. Bu reallığı dərk etmək üçün İrəvana 30 ildən artıq vaxt lazım gəldi”.
Ekspertin sözlərinə görə, Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində qazandığı tarixi zəfər Ermənistanın bu reallığı qəbul etməsini sürətləndirdi:
“Azərbaycanın sülh siyasəti isə əməkdaşlıq və inteqrasiya üçün münbit zəmin yaratdı. Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına paralel olaraq Türkiyə ilə Ermənistan arasında dialoq da aktivləşdi. İndi regionda kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasına hazırlıq fonunda Əlican–Marqara sərhəd-keçid məntəqəsinin, eləcə də sərhədin digər istiqamətlərdə də tədricən açılması gözlənilir. Azərbaycan da bu prosesdə maraqlı tərəfdir”.
Asif Şəkərli qeyd edib ki, hətta Azərbaycanın razılığından sonra Ermənistanla Pakistan arasında diplomatik münasibətlərin qurulması üçün ilkin addımlar atıldığı da məlumdur:
“Sərhədlərin açılması ilk növbədə iqtisadi təsir göstərəcək. Türkiyə böyük istehsal və ixrac gücünə malikdir, Ermənistan isə kiçik bazarı olan, ixrac yolları məhdud bir ölkədir. Açıq sərhəd Ermənistan üçün Türkiyə bazarına daha asan çıxış imkanı yaradacaq, bu isə iqtisadiyyatın dirçəlməsinə, iş yerlərinin artmasına, rifahın yüksəlməsinə səbəb olacaq. Digər tərəfdən, Ermənistan bazarı kiçik olsa da, türk məhsullarına maraq yüksəkdir. Bundan başqa, Ermənistan üzərindən keçəcək yeni nəqliyyat dəhlizləri Türkiyə üçün Orta Asiya və Rusiyaya çıxış baxımından əlavə imkanlar verəcək”.