Bir necə gündür Yer kürəsində maqnit qasırğası davam edir. Maqnit qasırğası insan orqanizminə necə təsir göstərir? Əsas kimlər üçün təhlükəlidir? Belə qasırğaların təsirini azaltmaq üçün hansı qabaqlayıcı tədbirlər görülə bilər?

Mövzu ilə bağlı Medianews.az-a danışan terapevt Günel Cəfərova bildirib ki, Günəş sistemində mütəmadi partlayışlar baş verir: “Bu zaman günəşdən ətrafa yayılmış kiçik enerjili zərrəciklər çox böyük sürətlə yer səthinə doğru yayılır. Nəticədə meteohəssas insanlarda mənfi yükün artması hesabına bir çox səhhət problemləri yaranır.

Maqnit qasırğaları insan orqanizmindəki daxili maqnit reseptorlarını aktivləşdirərək qanda stress hormonunu artırır. Bu da ürək-qan damar xəstəlikləri riskini çoxaldır. Ürəyin sürətlə döyünməsi, yüksək arterial təzyiq, qanda şəkərin yüksəlməsi kimi hallar baş verir. Təzyiqin və şəkərin mütəmadi artması insult və qansızma kimi hallara gətirib çıxara bilər”.

Həkimin sözlərinə görə, elmi araşdırmalar nəticəsində məlum olub ki, böyrəküstü vəzdə maqnit qıcıqlarına cavab verən güclü maqnit reseptorları var və bu reseptorlar qıcıqlananda orqanizmdə adrenalin, noradrenalin sintezinə təsir edir: “Qanda adrenalinin, noradrenalinin artması ürək döyünməsini, qan təzyiqini gücləndirir, bəbəklər genişlənir, qanda şəkər normanı keçir. Yüksəlmiş təzyiqli maqnit dalğaları dövr edən qan axınına təsir edərək toxumaların oksigenə tələbatını artırır. Ona görə toxumalarda oksigen aclığı yaranır. Bu isə insanlarda baş ağrılarına, hədsiz yorğunluğa gətirir.

Maqnit qasırğaları əsasən meteohəssas insanlara, yaşlılara, hamilələrə, bir sıra xroniki xəstəlikli, xüsusilə ürək-qan damar və yüksək qan təzyiqi problemləri olan xəstələrə mənfi təsir göstərir.
Maqnit qasırğası günlərində insanlar özlərində narahatlıq hiss edərlərsə, həkimə müraciət etsələr yaxşıdır. Özbaşına əlavə dərman içmək, doza həddini aşmaq olmaz. Bacardıqca açıq havada gəzməmək, fiziki aktivliyi azaltmaq, düzgün qidalanmaq, bol su içmək məsləhət görülür”.
Nailə Qasımova,
Medianews.az