Medianews.az
Ailədə bir uşaq siyasətinin acı nəticələri -
122 baxış

Ailədə bir uşaq siyasətinin acı nəticələri - “Vaşinqton Post”

ABŞ-ın “Vaşinqton Post” qəzetində Çin hökumətinin 36 il ərzində həyata keçirdiyi “bir ailə-bir uşaq” siyasətinin acı nəticələr verməsindən, son illər hökumətin bu nəticələri aradan qaldırmaq üçün göstərdiyi cəhdlərdən, amma faktiki olaraq ölkənin üzləşdiyi demoqrafik problemlərin geridönməz xarakter almasından bəhs edən redaksiya məqaləsi dərc olunub.

Medianews.az-ın məlumatına görə, məqalədə deyilir ki, son rəsmi statistikaya əsasən, Çində doğum səviyyəsi ən aşağı həddə düşüb: “Təkcə 2025-ci ildə bu ölkədə doğulan uşaqların sayı 2024-cü illə müqayisədə 17 faiz azalıb.

Çini idarə edən kommunist rejimin acı təcrübəsi göstərir ki, mərkəzdən idarə olunan ailə planlaması - hətta mərkəzin istədiyi kimi “uğurlu” alınsa belə - dəhşətli, həm də geridönməz nəticələrə gətirə bilər.

Çin hakimiyyəti “bir ailə-bir uşaq” siyasətini 1979-cu ildən tətbiq etməyə başlayıb. 2015-ci ilə qədər davam edən qadağalar, məcburi abortlar, sterilizasiyalar, cərimələr, eyni zamanda total təbliğat milyonlarla doğuşun qarşısının alınması ilə nəticələnib. Abortlar zamanı ən çox qız uşaqları hədəfə çevrilib.

Çinin Kommunist Partiyası 2015-ci ildə uşaq limitini ikiyə qaldırıb, 2021-ci ildə isə ümumiyyətlə ləğv edib. Buna baxmayaraq, dörd ildir Çin əhalisi durmadan azalır. 2023-cü ildə Çin dünyanın ən çox əhalisi olan ölkəsi statusunu da itirib, Hindistan onu keçib”.

“Vaşinqton Post”un məqaləsində bildirilir ki, indi doğum səviyyəsini artırmaq üçün Çində yeni addımlar atılır: “Kommunist rejimi on illər uzunu hamiləlik əleyhinə kontraseptiv həblərə vergi güzəşti edib. Artıq bu güzəşt ləğv olunub. İndi kontraseptivlərdən də 13 faiz vergi tutulur. Amma doğrudanmı hamiləlik əleyhinə həblərin 13 faiz bahalaşması doğuşun sayını artıracaq?

Bu gün Çin elə bir ölkədir ki, xeyli gəncin bacı-qardaşı yoxdur. Bir uşaq siyasəti o qədər uzun müddət davam edib ki, həmin gənclərin hətta valideynlərinin də bacı-qardaşı olmayıb; nəticədə hazırkı gənclərin, yeniyetmələrin xalası, dayısı, əmisi, bibisi; xala, əmi, dayı, bibi uşaqları da yoxdur.

Mövcud situasiya Çinin hərbi planlarını da çətinə salır. Çin Tayvanı ordu gücünə geri qaytarmaq istəyir, amma müharibə neçə-neçə çinli ailənin qocalıqda qayğısına qalacaq yeganə övladı itirməsi ilə nəticələnə bilər.

Onilliklər boyu davam edən abortlarda xüsusilə qız uşaqlarının hədəfə çevrilməsi ölkədə gender balansını da ciddi şəkildə pozub. İndi Çində kişilərin sayı qadınlardan on milyonlarla çoxdur. Bu səbəbdən ailə-uşaq sahibi ola bilməyənlər var.

Kontraseptiv vasitələrə vergi qoyulması vəziyyəti dəyişməyəcək. Valideynlərə verilən subsidiyalar da problemi kökündən həll etməyəcək.

İqtisadçı Milton Fridman bir vaxt belə demişdi: “Afrikadakı Böyük Səhranı (Saxara) hökumətin ixtiyarına buraxsan, qum qıtlığı yaranar”. Məlum olur ki, Çinin kommunistlərin əlinə keçməsi insan qıtlığı da yarada bilərmiş”.

Medianews.az

Bizə qoşulun