Medianews.az
 1236 ton qızılın taleyi - Bu ölkədə mübahisə gedir
212 baxış

1236 ton qızılın taleyi - Bu ölkədə mübahisə gedir

ABŞ ilə Avropa arasında yaşanan Qrenlandiya böhranından sonra Almaniyanın iqtisadi və siyasi dairələrində Nyu-Yorkda saxlanılan qızıl ehtiyatlarının geri gətirilməsi fikri güclənir.

ABŞ Prezidenti Donald Trampın siyasəti Almaniya da daxil olmaqla Avropa ölkələrini bir çox məsələləri yenidən düşünməyə vadar edir. Trampın son həftələrdə gündəmi zəbt edən Danimarka ərazisi Qrenlandiyanı ilhaq etmə planları və Avropaya qarşı gömrük rüsumları ilə bağlı təhdidləri Almaniyanın iqtisadi və siyasi dairələrində narahatlıq yaradıb.

Almaniyanın 164 milyard avro dəyərində olan qızıl ehtiyatlarının Nyu-Yorkdan çıxarılması tələbləri qeyri-müəyyən qlobal situasiya fonunda “Bundesbank” və müxtəlif siyasi dairələrdə gündəmdədir.

Almaniyanın mərkəzi bankı olan “Bundesbank”ın Araşdırma Departamentinin keçmiş rəhbəri Emanuel Menç “Handelsblatt” qəzetinə verdiyi açıqlamada bildirib: “Bu qədər çox qızılın ABŞ-da saxlanılması hazırda riskli görünür”.

Menç vurğulayıb ki, ABŞ-dən daha müstəqil strateji mövqe əldə etmək üçün “Bundesbank”ın ehtiyatları geri gətirməyi düşünməsi yaxşı olar.

Yaşıllar Partiyasının maliyyə siyasəti üzrə sözçüsü Katerina Bek də qızıl ehtiyatlarının geri daşınmasını gündəmə gətirib.

“Qızıl ehtiyatları mühüm sabitlik və etimad faktorudur. Heç bir halda geosiyasi münaqişələrin oyuncağı olmamalıdır” deyən Bek ABŞ-də Donald Tramp vəzifədə olduğu müddətdə ehtiyatları Almaniyada saxlamağın məqbul olduğunu vurğulayıb.

Avropa Vergi Ödəyiciləri Assosiasiyası (TAE) da ehtiyatların geri gətirilməsini tələb edib. TAE prezidenti Mixael Yeger deyib: “Trampın hərəkətlərini proqnozlaşdırmaq olmur, o, gəlir əldə etmək üçün hər şey edir. Buna görə də ABŞ-nin Federal Ehtiyat Sisteminin (FED) seyflərindəki qızıllarımız artıq təhlükəsiz deyil”.

Yeger riskin artdığını, bununla yanaşı “Bundesbank”ın müstəqil olduğunu və bu qərarı özü verə biləcəyini söyləyib: “Bank siyasətə boyun əymək məcburiyyətində deyil”.

“Bundesbank” 1236 ton qızılı ABŞ Federal Ehtiyat Sisteminin Nyu-York filialında saxlayır.

Lakin “Bundesbank”ın prezidenti Yoaxim Nagel belə bir addıma qarşı çıxır.

Onun kimi düşünənlərdən biri də kansler Mertsin üzvü olduğu hakim Xristian Demokrat Birliyinin (CDU) maliyyə siyasəti üzrə sözçüsü Frits Güntzlerdir. O bildirib ki, ehtiyatların bir hissəsinin ABŞ-də saxlanılması hələ də məntiqlidir və “mövcud şəraitdə qızıl ehtiyatlarının geri çəkilməsi barədə ictimaiyyət qarşısında spekulyasiya etmək faydalı deyil”.

Hökumət koalisiyasının kiçik tərəfdaşı olan Sosial Demokrat Partiyasının (SPD) maliyyə siyasəti üzrə sözçüsü Frauk Hayligenştadt isə narahatlıqları başa düşdüyünü, lakin “panikaya ehtiyac olmadığını” deyib. O bildirib: “Almaniyanın qızıl ehtiyatları yaxşı şaxələndirilib. Yarısından çoxu Frankfurtda saxlanılır, buna görə hərəkət imkanımız təmin edilib.”

Ehtiyatların qalan hissəsi üçün Nyu-Yorkun məntiqli yer olduğunu deyən Hayligenştadt Almaniya, Avropa və ABŞ-nin maliyyə baxımından sıx bağlı olduğunu vurğulayıb.

Alman İqtisadiyyat İnstitutunun (IW) prezidenti Mixael Hüter də ehtiyatların geri gətirilməsinə qarşıdır.

“Pul siyasəti səbəblərinə görə qızılın müəyyən əməliyyatlar üçün ABŞ-da saxlanılması məntiqli ola bilər” deyən Hüter bu ehtiyatların Trampa mesaj vermək məqsədilə geri gətirilməsinin mənasız olacağını əlavə edib.

O, bunun əvəzinə kredit kartları sahəsində alternativlər təklif edib: “Avropa İttifaqı bu mübahisəni ödəniş sistemlərində strateji olaraq daha müstəqil olmaq üçün fürsət kimi görməlidir. Hazırda biz tamamilə ABŞ şirkətləri olan “Visa” və “Mastercard”dan asılıyıq və bu da bizi təzyiq altında saxlayır”. Hüter təcili alternativlərin yaradılmasını tələb edib.

Almaniya dünyada ABŞ-dən sonra ən çox qızıl ehtiyatına malik ölkədir.

Sarvan Səmədoğlu,
Almaniya

Bizə qoşulun