Medianews.az
Yaşı 16-ya çatmayanlara sosial şəbəkəni yasaq etmək – Lazımdırmı? -
139 baxış

Yaşı 16-ya çatmayanlara sosial şəbəkəni yasaq etmək – Lazımdırmı? - Psixoloji təhlil

Ötən ilin sonu Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət qoyulub, onların “Facebook”, “İnstagram”, “Kick”, “Reddit”, “Snapchat”, “Threads”, “TikTok”, “X” və “YouTube” platformalarındakı hesablarının ləğv edilməsi qərara alınıb. Qanunu pozan şirkətlər 50 milyon Avstraliya dollarına qədər (təxminən 56 milyon AZN) cərimələnə bilər.

Qeyd edək ki, Avstraliya bu məsələdə tam qadağa tətbiq etmiş ilk ölkədir. Avstraliya hökuməti bütün sosial media platformalarını 16 yaşdan aşağı vətəndaşların profillərini şəbəkədən silmək məcburiyyətində qoyub. Tədqiqatçılar bu qərara görə Avstraliyanı “canlı laboratoriya” adlandırırlar. Deyirlər ki, onlar bu qərar sayəsində sosial şəbəkələrdə qoyulan məhdudiyyətin uşaqların psixologiyasına necə təsir edəcəyini araşdıra biləcəklər.

Məlumatlara görə, Fransada da 15 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan etməyə hazırlıq gedir. Qadağanın “İnstaqram”, “TikTok”, “Snapchat”, “Youtube” və digər şəbəkələri əhatə edəcəyi deyilir. Həmçinin məktəblərdə mobil telefonların istifadəsinin məhdudlaşdırılması planlaşdırılır.

16 yaşı tamam olmayanların sosial şəbəkələrdə hesab açmasının qadağan edilməsi məsələsi ətrafında Azərbaycanda da müzakirələr gedir. Belə bir qərar qəbul edilsə, nəticə necə olar? 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə hesab açmasını yasaq etmək lazımdırmı? Bu yaşadək olan uşaqların, yeniyetmələrin sosial şəbəkələrdən istifadə etməsi onların mənəvi-psixoloji, zehni inkişafına necə təsir göstərir: daha çox müsbət, yoxsa daha çox mənfi?

Medianews.az-ın suallarını cavablandıran Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirib ki, bu məsələ təkcə texnoloji və ya hüquqi deyil, birbaşa uşaqların və yeniyetmələrin psixoloji inkişafına toxunan çoxşaxəli bir mövzudur.

Psixoloq qeyd edib ki, Avstraliyanın 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdəki hesablarını bağlamaq qərarı dünya miqyasında geniş müzakirələrə səbəb olub və təsadüfi deyil ki, tədqiqatçılar bu ölkəyə canlı laboratoriya kimi baxırlar: “Çünki ilk dəfə olaraq bir dövlət uşaqların rəqəmsal mühitlə münasibətinə bu qədər sərt və sistemli müdaxilə edir. Bunun nəticələri uzunmüddətli psixoloji müşahidələr üçün real baza yaradır.

Psixoloji baxımdan sosial şəbəkələrin 16 yaşdan aşağı uşaqlara təsiri birmənalı deyil. Bir tərəfdən bu platformalar yeniyetmələr üçün özünüifadə, sosiallaşma, həmyaşıdlarla əlaqə qurma və identiklik axtarışı baxımından cəlbedicidir. Digər tərəfdən isə elmi araşdırmalar göstərir ki, erkən yaşlarda intensiv sosial media istifadəsi diqqət dağınıqlığı, emosional qeyri-sabitlik, özünü dəyərsiz hiss etmə, sosial müqayisə fonunda narahatlıq və depressiv əlamətlərin artması ilə sıx əlaqəlidir. Xüsusilə də “like” mədəniyyəti, idealizə olunmuş görüntülər və kiberzorakılıq uşaqların hələ tam formalaşmamış psixikasına ciddi təzyiq göstərir. Bu yaş dövründə beyin hələ impulsların idarəsi, emosional tənzimləmə və risklərin qiymətləndirilməsi baxımından inkişaf mərhələsində olur və sosial şəbəkələr bu prosesi daha da mürəkkəbləşdirir”.

E.Rüstəmov vurğulayıb ki, bununla belə, tam qadağa məsələsinə ehtiyatla yanaşmaq lazımdır: “Psixologiyada yaxşı bilinir ki, sərt qadağalar bəzən əks-effekt yaradır: gizli istifadə, valideynlə uşaq arasında etimadın zəifləməsi və rəqəmsal savadsızlıq riski arta bilər. Əgər uşaq sosial mediadan tamamilə uzaqlaşdırılır, lakin ona alternativ olaraq emosional dəstək, real sosial münasibətlər və təhlükəsiz rəqəmsal davranış bacarıqları öyrədilmirsə, bu da problemlərə yol aça bilər. Ona görə də Avstraliya modelinin əsas üstünlüyü təkcə qadağada deyil, paralel olaraq məktəblərdə mobil telefon istifadəsinin məhdudlaşdırılması, valideyn nəzarətinin gücləndirilməsi və uşaqların psixoloji rifahına yönəlmiş monitorinq mexanizmlərinin qurulmasındadır.

Azərbaycan kontekstinə gəldikdə isə belə bir qərarın mümkün nəticələri cəmiyyətin psixoloji hazırlıq səviyyəsindən, valideynlərin maarifləndirilməsindən və alternativ dəstək mexanizmlərinin olub-olmamasından birbaşa asılı olacaq. Məncə, əsas sual “tam qadağa olsun, ya olmasın”dan daha çox “uşaqları rəqəmsal mühitdə necə qoruyaq” olmalıdır. 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasının avtomatik şəkildə sərbəst buraxılması da doğru deyil, tam qadağa da. Daha balanslı yanaşma mərhələli məhdudiyyətlər, valideyn razılığı, yaşa uyğun məzmun filtrləri və psixoloji maarifləndirmə ilə mümkündür”.

E.Rüstəmovun fikrincə, ümumən götürəndə sosial şəbəkələr bu yaş qrupu üçün nə tamamilə xeyirli, nə də tamamilə zərərli bir fenomendir: “Hər şey istifadənin nəzarət səviyyəsindən, uşağın psixoloji dayanıqlılığından və ailə–məktəb–cəmiyyət üçbucağında göstərilən diqqətdən asılıdır. Əgər məqsəd uşaqların mənəvi-psixoloji və zehni inkişafını qorumaqdırsa, əsas prioritet qadağadan çox sağlam alternativlər yaratmaq, emosional savadlılıq və rəqəmsal təhlükəsizlik mədəniyyətini formalaşdırmaq olmalıdır”.

Nailə Qasımova,
Medianews.az

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.

Bizə qoşulun