Müğənni Xatirə İslam son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan skuter görüntüləri ilə bağlı açıqlama verib.
Sənətçi bildirib ki, həyat yoldaşı Fəxrəddin Musayev həmin görüntülərlə əlaqədar inzibati qaydada cərimələnib. Xatirə İslam daha çox videonun sosial şəbəkə hesabından silinməsinə görə məyus olduğunu deyib.
Müğənni qeyd edib ki, paylaşımına minlərlə izləyicidən mesaj gəlib və hər kəs videonun niyə silindiyini soruşub.
"Düzdür, qanun qanundur. Əgər olmazsa, olmaz. Amma videonun silinməsinə görə həqiqətən çox pis oldum. Ən çox sevindiyim isə o idi ki, indiyədək heç bir paylaşımıma bu qədər müsbət rəy yazılmamışdı. Minlərlə insan xoş sözlər yazmışdı. Axşamdan səhərə qədər düşünürdüm ki, insanlar məni doğrudan da bu qədər səmimi sevirlər. Təəssüf ki, video silindi", - deyə ifaçı bildirib.
Xatirə İslam daha sonra zarafatla "Videosu silinmiş adamam, məni əsəbiləşdirməyin" sözlərini də əlavə edib.
Xatırladaq ki, bir neçə gün əvvəl müğənni həyat yoldaşı Fəxrəddin Musayevlə birlikdə gecə saatlarında skuterlə gəzintidən görüntülər paylaşmışdı. Kadrlarda Xatirə İslamın skuterin arxa hissəsində əks istiqamətdə əyləşərək həyat yoldaşına sarılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Görüntülərdən sonra yol hərəkəti qaydalarının pozulduğu bildirilib və Fəxrəddin Musayev barəsində inzibati qaydada cərimə tətbiq olunub./milli.az