Türkiyənin Adana şəhərində təqaüdçü polis əməkdaşı ilə oğlu arasında baş verən mübahisə faciə ilə nəticələnib.
Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sarıçam rayonunda yaşayan 52 yaşlı Faruk Kayhanın 23 yaşlı oğlu Ahmet Kaan Kayhan ondan pul istəyib. İddialara görə, atasının imtinasından sonra tərəflər arasında mübahisə yaranıb və gənc əlindəki dönər bıçağı ilə atasına hücum edib.
Hadisə zamanı təqaüdçü polis silahına əl ataraq oğluna atəş açıb. Güllələrdən ağır yaralanan Ahmet Kaan Kayhan hadisə yerində həyatını itirib. Məlumata görə, ata silahındakı patronlar bitənədək atəş açıb. Hadisənin bir hissəsi ətrafdakılar tərəfindən mobil telefonla lentə alınıb.
Faciədən sonra Faruk Kayhan özü polisə zəng edərək hadisə barədə məlumat verib və hüquq-mühafizə orqanlarının gəlməsini oğlunun cəsədinin yanında gözləyib. O, saxlanılaraq istintaqa təhvil verilib.
Mətbuatın yaydığı məlumata görə, həyatını itirən Ahmet Kaan Kayhanın narkotik asılılığından əziyyət çəkdiyi iddia olunur. Faktla bağlı araşdırma aparılır.
Medianews.az