Medianews.az
Telefon danışığını mediaya kimlər sızdırır? -
211 baxış

Telefon danışığını mediaya kimlər sızdırır? - Məqsəd nədir?

Yəqin xəbəriniz var, ötən həftələrdə Macarıstanın xarici işlər naziri Siyarto və Rusiya xarici işlər naziri Lavrovun telefon danışığının audioyazısı və stenoqramı Avropa media resurslarında dərc olunmuşdu.

Avropa Birliyinin mətbuata qapalı toplantısından dərhal sonra baş tutan telefon danışığında Lavrov macar həmkarından rusiyalı oliqarx Alişer Usmanovun bacısına qarşı sanksiyaların ləğvi haqda verdiyi vədin nəticəsini soruşur. (Sonradan həqiqətən Macarıstan və Slovakiyanın səyləri ilə Gülbahor Usmanova üzərindən sanksiya götürülür).

“The Washington Post” qəzeti isə Orban hökumətinin uzun illər ərzində Avropa Birliyinin qapalı iclasları və Avropa liderlərinin görüşləri haqqında Moskvaya müntəzəm məlumat ötürdüyü haqda yazı dərc edib.

Bu gün “Bloomberg” agentliyi Viktor Orbanla Rusiya prezidenti Vladimir Putinin 2025‐ci il 17 oktyabr tarixli telefon söhbətinin audioyazısı əsasında material dərc edib. Onlar Budapeştdə Trampla Putinin görüşünün təşkilini müzakirə edirlər. Orban Putinə deyir: “...Bizim dostluğumuz elə yüksək səviyyəyə çatıb ki, mən sizə bacardığım qədər kömək etməyə hazıram. İstənilən məsələdə, harada sizə köməyim dəyə bilərsə, xidmətinizdəyəm...”

Bu yerdə Orban özünü məşhur təmsildə aslana yardım edən siçana bənzədir. Ezopun həmin təmsili belədir ki, aslan yatarkən bədənində bir siçanın hərəkət etdiyini hiss edir və ayılıb onu tutur. Siçan yalvarır ki, “məni öldürmə, nə vaxtsa sənə köməyim dəyə bilər”. Aslan “sən mənə necə kömək edə bilərsən ki?” deyə gülür və siçanı buraxır. Bir gün ovçular aslanı tutur və onu iplə bir ağaca bağlayırlar. Aslanın nəriltisini eşidən siçan gəlib ipləri gəmirərək aslanı xilas edir...

Orban və Putin telefon danışığında Trampın ünvanına mədhiyyələr də söyləyirlər. Putin Trampın “tank kimi irəliləməsindən” heyranlığını ifadə edərkən Orban ABŞ prezidentini fırtınaya bənzədir.

Bu hadisə Macarıstandakı seçkinin qlobal avtoritar‐konservativ koalisiya (Putin, Tramp, Netanyahu və digərləri) ilə liberal demokrat qütb (Qərbi Avropa, Britaniya, ABŞ dövlətinin demokrat qanadı və s.) arasında mübarizəyə çevrildiyini bir daha göstərir. Birincilər Orbanın mövqelərini möhkəmləndirməyə çalışır (məsələn, bu gün ABŞ vitse‐prezidenti Vens Macarıstana səfər edib), ikincilər isə tam əksinə, onun Putinin marionetkası olduğu haqda rəyi gücləndirəcək sübutları ictimailəşdirərək Orbanı daha da nüfuzdan salmağı hədəfləyirlər.

Şahin Cəfərli,
politoloq

Bizə qoşulun