Türkiyənin tanınmış jurnalisti və televiziya aparıcısı Reha Muhtar səhhətində yaranan problem səbəbindən Muğlanın Bodrum şəhərində xəstəxanaya yerləşdirilib.
Medianews.az xəbər verir ki, Reha Muhtar qəfil rahatsızlaşdıqdan sonra yaxınlarının çağırışı ilə hadisə yerinə tibbi briqada cəlb olunub.
İlkin tibbi müdaxilədən sonra o, təcili yardım maşını ilə Bodrumdakı xəstəxanalardan birinə aparılıb.
İddialara əsasən, ilkin müayinələr zamanı Reha Muhtara ürək çatışmazlığı diaqnozu qoyulub. Bununla belə, xəstəxana tərəfindən onun səhhəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Məşhur aparıcının keçmiş həyat yoldaşı, aktrisa Deniz Uğur da məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, xəbəri aldıqdan sonra övladları Mina və Poyrazla birlikdə Bodruma yola düşüblər.
Deniz Uğur paylaşımında bunları qeyd edib:
“Çanaqqaladakı yay evimizdə olarkən Reha Muhtarın xəstəxanaya yerləşdirildiyi xəbərini aldıq. Uşaqlarımız atalarının yanında olmaq üçün Bodruma gedirlər. Hər kəsdən dua gözləyirik”.
Qeyd edək ki, Reha Muhtar son günlər Bodrumda görüntülənmiş və olduqca yorğun görünməsi diqqət çəkmişdi. Hazırda onun müalicəsinin davam etdiyi və həkim nəzarətində saxlanıldığı bildirilir.
Medianews.az

