Türkiyənin tanınmış aktrisası və dublyaj ustası Ruhsar Gültekin səhhətində yaranan ciddi problem səbəbindən xəstəxanaya yerləşdirilib.
Medianews.az xəbər verir ki, 62 yaşlı sənətçi şiddətli baş ağrılarından şikayət etdikdən sonra tibbi müayinədən keçirilib.
Aparılan yoxlamalar nəticəsində ona beyin qanaması diaqnozu qoyulub. Ruhsar Gültekin təcili əməliyyat olunub və hazırda müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Sənətçinin vəziyyəti ilə bağlı məlumatı aktrisa və səs aktrisası Parla Şenol paylaşıb. O, sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib ki, Ruhsar Gültekin beyin qanaması səbəbindən əməliyyat olunub və hazırda reanimasiyadadır. Şenol həmkarının tezliklə sağalması üçün dua etdiyini və ailəsinə dəstək olduğunu qeyd edib.
Ruhsar Gültekin uzun illərdir Türkiyə televiziya və dublyaj sənayesinin tanınmış simalarından biridir. O, "Ruhsar", "Çiçək Taksi" və "Yasemince" kimi məşhur layihələrdə rol alıb.
Sənətçi xüsusilə "Şirinlər" cizgi filmində Şmirfette obrazını səsləndirməsi ilə milyonlarla tamaşaçının yaddaşında qalıb. Onun səhhəti ilə bağlı xəbər pərəstişkarları arasında böyük narahatlıq yaradıb.
Medianews.az