Medianews.az
İlon Maskın imperatorluğu
76 baxış

İlon Maskın imperatorluğu

Dünyanın kosmos və avtomobil sənayesini diz çökdürərək özünün kosmos və elektromobil sənayesini qurmuş, naqilsiz interneti (“Starlink” layihəsi) inhisara almış İlon Maskın “Tesla şirkəti” Texasda insanabənzər robotlar (optimus humanoid) istehsal etmək üçün nəhəng zavod tikir.

Havadan çəkilən görüntülər tikilinin artıq dörd mərtəbəyə qədər yüksəldiyini göstərir. İlon Mask il ərzində burada 10 milyon ədəd “Tesla optimus humanoid” robotunun istehsal olunmasını planlaşdırır. Uzunmüddətli perspektivdə istehsalın 20 milyard ədədi keçməsi planlaşdırılır.

İlon Maskın başqa bir nəhəng layihəsi “Tesla Terafab” fabrikidir. “Tesla Terafab” fabrikində artıq bu ilin sonuna kimi AI5 və AI6 çiplərinin ilk partiyalarının istehsal olunacağı, genişmiqyaslı istehsalın isə 2028-ci ilə gerçəkləşəyi gözlənilir. “Terafab” yarımkeçirici fabrikinin 2028–2029-cu illərdə istehsal gücünü 100–200 milyard ədəd ixtisaslaşmış çip istehsalına qədər artırmaq planlaşdırılır. Bu, hazırda bütün dünyada istehsal olunan çiplərin sayından 50 dəfə çoxdur. İstehsal olunacaq məhsulun səksən faizi “SpaceX”in günəş enerjisi ilə işləyən orbital məlumat mərkəzlərinin (Orbital Data Centers) yaradılması üçün istifadə ediləcək. Yerdə qalan 20 faiz çiplər isə “Tesla” elektromobil və optimus robotlarının istehsalında istifadə olunacaq.

Kosmosda dominantlıq edən “SpaceX” raket buraxılışını təxminən hər 40 dəqiqədən bir olmaqla il ərazində 10 minə çatdırmağı planlaşdırır. “Falcon 9” ilə bir kiloqram faydalı yükün kosmosa çatdırılma xərcini 18500 dollardan 2700 dollara endirən İlon Mask “Falcon Heavy”i ilə bu qiyməti 1400 dollara yaxınlaşdırıb. İndi isə “Starship” ilə bir kiloqram faydalı yükün kosmosa çatdırılma xərcini 99 faiz azaltmağı hədəfləyir. İlon Maskın “SpaceX” şirkəti 2030-cu ilə qədər kosmosa 1 milyona qədər süni peyk buraxmağı da planlaşdırır. Bu məqsədlə “SpaceX” şirkəti bu ilin yanvarında ABŞ-ın Federal Rabitə Komissiyasına (FCC) müraciət təqdim edib.

“SpaceX”in demək olar ki, heç kimin haqqında heç nə bilmədiyi kosmik gəmini az qala məxfi şəkildə kosmosa göndərməsi də aparıcı siyasi mərkəzlərdə diqqətlə izlənilir. Bəzi mənbələrə görə, “Starfall” adlı kosmik gəmidən hərbi texnika və digər silahların daşınması üçün istifadə ediləcəyi təhlükəsi var. ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) təqdim edilən sənəddə “SpaceX” bildirir ki, “Starfall” hərbi texnika da daxil vacib yüklərin qısa müddətdə kosmos vasitəsilə ünvanına dəqiq çatdırılmasını təmin edə bilər. Pentaqon bir neçə ildir ki, böyük yükləri Yer kürəsinin istənilən yerinə tez bir zamanda çatdırmaq üçün kosmik raketlərdən istifadə etmək ideyasını araşdırır. “SpaceX”in Pentaqonla bununla bağlı bir neçə müqaviləsi var.

İyunun 28-də 55 yaşı tamam olan İlon Maskın elmi fantastikanın hüdudlarını aşan planları bütün mövcud münasibətlər sistemini tamamilə dağıdaraq yeni vəziyyət yaradacaq. “Starlink” peyk internet sisteminin qəbuledici boşqablarının (antenlərinin) terminallarla birbaşa əlaqəsini yenidən formatlamaqla Ukraynanı üstün, Rusiyanı zəif duruma salan İlon Mask dünyanın ən böyük nüvə gücü olan ölkəni belə sarsıtmaq imkanlarına malik olduğunu göstərdi. Bütün bunlar yalnız başlanğıcdır. Bəzi ekspertlər yarı zarafat-yarı ciddi qeyd edirlər ki, İlon Mask Ay və Marsı da əhatə edəcək nəhəng imperatorluğunu qurur. Bu imperatorluğun mərkəzində isə orbital məlumat mərkəzləri dayanacaq.

“Google” və “Blue Origin” də “SpaceX” kimi orbital məlumat mərkəzləri layihəsi planlaşdırır. Hər kəs anlayır ki, süni intellektin və ümumiyyətlə yeni texnoloji inqilabın taleyi orbital məlumat mərkəzlərindən asılıdır. Çünki Yer kürəsində məlumat mərkəzlərini soyudacaq enerji və su yetərli olmayacaq. Bu yaxınlarda ABŞ-da “NV Energy” elektrik şirkəti Kaliforniyada 49 min sakinə xidmət edən “Liberty Utilities” şirkətinin elektrik enerjisi ilə təmin etməyi dayandırmaq məcburiyyətində qalmışdı. Səbəb məlumat mərkəzlərindən birinin elektrik enerjisinə tələbatının artması olub. Məlumat mərkəzlərinə görə yaşayış məskənlərinin elektrik enerjisinin dayandırılması halları isə artmaqdadır.

Çinin ABŞ-la rəqabəti davam etdirməyə çalışdığı bir dövrdə Yaponiya, Cənubi Koreya, Böyük Britaniya, Almaniya, Fransa və digər ölkələr texnologiya monstrlarından çox da geri qalmamağa çalışır. Məsələn, Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung Electronics” qarşıdakı 10 ildə 1000 trilyon von (648 milyard dollar) sərmayə yatırmağı planlaşdırır. Bu nəhəng sərmayə qoyuluşunun təxminən üçdə biri (300 trilyon von) çip fabriklərinin inşasına yönəldiləcək. Cənubi Koreyanın hədəfi dünya robot bazarının 30 faizini ələ keçirməkdir. Aydın görünür ki, qarşıdakı illər bəşəriyyətin çox uzun müddətə, bəlkə də üçüncü minilliyin sonuna taleyini müəyyən edəcək.

Texnologiya nəhəngləri məlumat mərkəzlərini kosmosda yerləşdirməklə bəlkə də enerji məsələsini həll edəcəklər. Ancaq orbital məlumat mərkəzlərinin fəaliyyətini təmin edəcək çiplərin istehsalı üçün nadir torpaq elementlərinə möhtacdırlar. Yaxın illərdə bu tələbatı kosmos vasitəsilə təmin etmək yəqin ki, mümkün olmayacaq. Peşəkar mühəndisləri texnologiya şirkətlərindən 3-5 qat artıq əmək haqqı ilə özünün imperiyasına cəlb etməklə İlon Mask kadr problemini həll edəcək. Ancaq nadir torpaq elementləri olmadan İlon Mask nəhəng layihələrini həyata keçirmək üçün 200 milyard çip istehsalını gerçəkləşdirə bilməyəcək.

ABŞ-ın texnoloji sıçrayışı belə demək olar ki, nadir torpaq elementləri mədənlərinə çıxış imkanından asılı olacaq. Hazırda ABŞ-ın Çindən bu sahədə ciddi asılılığı var. Qarşıdakı illərdə Çin istəsə belə ABŞ-ın tələbatını ödəyə bilməyəcək. Üstəlik, Çindən asılılıq çox böyük siyasi risk yaradır. Çin istənilən zaman nadir torpaq elementlərinin ixracını dayandıra bilər. Pekin artıq bir dəfə bunu edib. ABŞ-ın texnoloji sıçrayışını və Çindən asılılığını aradan qaldıracaq, İlon Maska fantastik ideyalarını həyata keçirməyə imkan verəcək coğrafiya Mərkəzi Asiyadır. Buna görə də texnologiyanın sürətlə inkişafı ABŞ-la Türküstanı bir-birinə qırılmaz tellərlə bağlamağa başlayır. Bu tellər Rusiyanın dekolonizasiyasını sürətləndirdiyi kimi, Qafqaz, İdel-Ural və Türküstanı vahid məkana çevirən prosesi başladıb. Bu tellərin nədən ibarət olduğu, Avrasiyanın mənzərəsini necə dəyişəcəyi haqqında başqa bir yazıda yazacağam.

Xaqani Cəfərli,
politoloq

Bizə qoşulun