Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında qəbul edilən qərarlarla yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderlər üçün hazırladığı xüsusi hədiyyələr də diqqət mərkəzində olub.
Medianews.az xəbər verir ki, prezident Ərdoğan zirvədə iştirak edən bütün dövlət və hökumət başçılarına ingilis dilində nəşr olunan "Cəsarət Siyasəti: Ərdoğan və Türkiyənin Yüksəlişi" adlı kitabı hədiyyə edib. Kitabın içərisində Prezidentin şəxsən imzaladığı məktub da yer alıb.
Məktubunda Ərdoğan tarixin yalnız yaşanmış hadisələrdən ibarət olmadığını, eyni zamanda qərarlar, fədakarlıqlar və gələcəyə yönəlmiş baxışların məhsulu olduğunu vurğulayaraq, kitabın Türkiyənin son illərdə keçdiyi siyasi transformasiyanı və gələcəyə baxışını əks etdirdiyini bildirib.
Zirvə toplantısında diplomatik jestlər bununla məhdudlaşmayıb. Şimali Atlantika Şurasının iclasından əvvəl hər bir liderin masasının üzərinə adına uyğun hazırlanmış fərdi qələm və dəftər dəstləri yerləşdirilib.
Kameraların qeydə aldığı görüntülərə əsasən, ABŞ Prezidenti Donald Trampın masasına adı həkk olunmuş qırmızı qələm, üzərində "Ağ Ev" yazılan qara qələm və xüsusi dəftər qoyulub. 
Almaniya Kansleri Fridrix Merts üçün yaşıl rəngli qələm və qəhvəyi üzlüklü dəftər, Fransa Prezidenti Emmanuel Makron üçün qırmızı qələm və boz dizaynlı dəftər, İspaniyanın Baş naziri Pedro Sançez üçün isə xüsusi qırmızı qələm və qara dəftər hazırlanıb.
Türkiyənin ev sahibliyi etdiyi zirvədə bu cür fərdiləşdirilmiş hədiyyələr diplomatik etiketin zərif nümunəsi kimi qiymətləndirilib və beynəlxalq mediada da maraqla qarşılanıb.
Medianews.az 
