Almaniyada palliativ yardım sahəsində çalışan həkim Yohannes M. 15 xəstənin ölümünə səbəb olmaqda təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.
Medianews.az xəbər verir ki, məhkəmə onun tibbi fəaliyyətlə məşğul olmasını da ömürlük qadağan edib.
Berlin Dövlət Məhkəməsinin qərarına əsasən, həkim 2021–2024-cü illər ərzində 12 qadın və 3 kişiyə onların razılığı olmadan anesteziya və əzələ boşaldıcı preparatlar vuraraq ölümünə səbəb olub. Məhkəmə müəyyən edib ki, tətbiq edilən dərmanlar xəstələrin tənəffüs əzələlərinin iflicinə gətirib çıxarıb.
İstintaq materiallarına görə, qurbanların yaşı 25 ilə 94 arasında dəyişib. Onların ağır xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq, məhkəmə ölümlərinin qaçılmaz olmadığı qənaətinə gəlib və həkimin verdiyi preparatların ölümə səbəb olduğunu təsdiqləyib.
İş bununla yekunlaşmır. Berlin Prokurorluğu Yohannes M.-nin daha 75 ölüm hadisəsində də şübhəli olduğunu bildirib. Həmin faktlarla bağlı istintaq davam edir və yeni məhkəmə proseslərinin ilin sonunadək başlanacağı gözlənilir.
İttihama görə, həkim cinayət izlərini gizlətmək məqsədilə ən azı beş qurbanın yaşadığı evdə yanğın törədib.
Yohannes M. iyunun 25-də keçirilən məhkəmə iclasında evdə tibbi xidmət göstərdiyi 12 ağır xəstəni öldürdüyünü etiraf edib. O, ifadəsində bunu xəstələri "ağrı və əzabdan xilas etmək" məqsədilə etdiyini iddia etsə də, məhkəmə bu arqumenti qəbul etməyib.
Qeyd edək ki, palliativ yardım sağalmaz və ağır xəstəliklərdən əziyyət çəkən insanların həyat keyfiyyətini yaxşılaşdırmaq, ağrı və digər ağır simptomları azaltmaq məqsədi daşıyır. Bu tibbi xidmətin məqsədi xəstənin həyatına son qoymaq deyil, ona fiziki və psixoloji dəstək göstərməkdir.
Medianews.az