Türkiyənin məşhur aktrisası, "Kızılcık Şerbeti" serialında canlandırdığı İşıl obrazı ilə tanınan Ece İrtemin ölüm səbəbi müəyyənləşib.
Medianews.az xəbər verir ki, 35 yaşlı aktrisa iyunun 15-də səhhətinin qəfil pisləşməsindən sonra vəfat edib.
Məhkəmə-Tibb Ekspertiza İnstitutunun hazırladığı rəyə əsasən, Ece İrtemin ölümünə alkoqol zəhərlənməsi səbəb olub.
Bununla yanaşı, istintaq çərçivəsində başqa ehtimallar da araşdırılır. Aktrisanın vəkili Uğur Gökkoyun istintaq materiallarına təqdim etdiyi ərizədə Ece İrtemin ölümündən əvvəl Taylanda səfəri zamanı meymun hücumuna məruz qalmış ola biləcəyini bildirib.
Vəkilin iddiasına görə, həmin hadisənin qan zəhərlənməsi (sepsis) kimi ağır fəsadlara səbəb olub-olmadığı da araşdırılır. Bu məqsədlə ekspertlər aktrisanın qollarında aşkarlanan çapıqların mənşəyini və onların ölüm hadisəsi ilə əlaqəsinin olub-olmadığını yoxlayırlar.
Qeyd edək ki, Ece İrtem aktyorluq fəaliyyətinə 2014-cü ildə başlayıb. O, "Kaçak Gelinler", "O Hayat Benim", "Yeni Gelin", "Payitaht Abdülhamid", "Bay Yanlış", "Mahkum" və "Yasak Elma" kimi məşhur seriallarda rol alıb. Aktrisa son illərdə isə "Kızılcık Şerbeti" serialındakı İşıl obrazı ilə geniş tamaşaçı sevgisi qazanmışdı.
Medianews.az
