Medianews.az
Azərbaycan bu məhkəmə prosesi vasitəsilə mühüm mesaj verir
80 baxış

Azərbaycan bu məhkəmə prosesi vasitəsilə mühüm mesaj verir

Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq xarakterli insanlıq əleyhinə və müharibə cinayətləri törətdiyinə görə məhkum olunmuş erməni separatçılarının və onların müdafiəçilərinin verdiyi şikayətlərə baxılması həm beynəlxalq hüququn və həm də ölkə qanunvericiliyinin fundamental prinsipləri baxımından diqqətçəkəndir.

İnsan hüquqlarına dair beynəlxalq sənədlər və Azərbaycan Respublikası Konstitusiyası hər bir şəxsin, o cümlədən xüsusilə ağır cinayətlər törətməkdə təqsirli bilinən şəxslərin məhkəmə müdafiəsi və yuxarı instansiya məhkəməsinə müraciət hüququnu təmin edir. Bu baxımdan apellyasiya instansiyasında işə baxılması hüquqi dövlətin ayrılmaz elementi olmaqla yanaşı, cinayət mühakimə icraatının ədalətlilik və şəffaflıq prinsiplərinin təmin edilməsinə xidmət edir. Dövlət məhz bu yanaşma ilə göstərir ki, ən ağır cinayətlərə görə məsuliyyətə cəlb olunan şəxslər belə qanun qarşısında prosessual hüquqlardan məhrum edilmirlər.

Beynəlxalq və milli hüquq baxımından belə məhkəmə prosesləri ədalətli məhkəmə araşdırması, müdafiə hüququ, tərcüməçi ilə təmin olunma, vəkillə təmsilçilik və məhkəmə qərarından şikayət vermək hüququ kimi fundamental təminatların praktik reallaşdırılması kimi qiymətləndirilir. Bu təminatların mövcudluğu məhkəmə qərarlarının legitimliyini artırır və sonrakı hüquqi mübahisələr zamanı dövlətin mövqeyini gücləndirir.

Bu proses Azərbaycan dövlətinin postmünaqişə dövründə ərazilərimizin uzun müddət işğal altında saxlamış separatçı şəxslərə münasibətdə hüquqi prinsiplərə və mexanizmlərə üstünlük verdiyini nümayiş etdirir. Başqa sözlə, müharibədə qalib gəlmiş dövlət hərbi güc və ya siyasi ritorikadan deyil, təminatlı məhkəmə prosedurlarından istifadə etməklə separatçı şəxslərin məsuliyyət məsələsini hüquqi müstəviyə çıxarır. Bu, beynəlxalq ictimaiyyət üçün də mühüm mesajdır: münaqişə nəticəsində törədilmiş ağır cinayətlərin qiymətləndirilməsi və müvafiq cəzaların təyinin yalnız məhkəmə institutları vasitəsilə həyata keçirilir.

Mahiyyət etibarilə həmin şəxslərin əməlləri Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşuna qarşı yönəlmiş cinayətlər, habelə insanlıq əleyhinə və müharibə cinayətləri kimi tövsif edilir. Bu əməllərə görə cinayət məsuliyyəti fərdi xarakter daşıyır, yəni hər bir şəxs törətdiyi konkret əməllərə görə məhkəmə tərəfindən cəza alır. Məhkəmənin vəzifəsi törədilmiş əməllərə siyasi qiymət verilməsi deyil, təqdim edilmiş sübutlar əsasında cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verməkdir. Apelyasiya məhkəmənin qərarının siyasi deyil, hüquqi arqumentlərə söykənməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan apellyasiya icraatında da hər bir məhkumun şikayətinə ayrıca hüquqi qiymət verilməsi, onun müdafiə hüququnun təmin olunması və irəli sürdüyü arqumentlərin fərdi qaydada araşdırılması hüquqi legitimliyi gücləndirən amillərdəndir.

Nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi yalnız birinci instansiya məhkəməsinin hökmünü təsdiqləmək və ya dəyişdirmək funksiyasını daşımır, işə mahiyyəti üzrə tam şəkildə baxır. Bu zaman mühakimə olunmuş şəxslərin əməllərinin hüquqi tövsifinin düzgünlüyünü, təqdim edilmiş sübutların verilmiş ittihamları sübut etmək üçün yetərliliyi və mümkünlüyü məsələsini, prosessual normalara və təminatlara əməl olunmasını və işin ədalətli həlli üçün əhəmiyyətli olan digər halların araşdırılmasını həyata keçirir. Belə yanaşma məhkəmə ictimai etimadı artıran əsas mexanizmlərdən biridir.

Beynəlxalq xarakterli çoxsaylı cinayətlərə görə məhkum olunmuş erməni separatçılarının apelyasiya instansiyasında bəraət istəməsi ictimaiyyət tərəfindən siyasi və mənəvi cəhətdən qınanıla bilər. Lakin bu, beynəlxalq və milli hüquq baxımından onların əməllərinin qiymətləndirilməsi, onların prosessual təminatlarının məhdudlaşdırılması üçün yetərli deyil. Əsas məsələ prosesin hüquqi standartlara uyğun aparılmasıdır ki, bu da öz növbəsində həm daxili hüquq sistemi, həm də beynəlxalq hüquqi müstəvidə Azərbaycanın mövqeyini gücləndirən mühüm amildir.

Keçid ədaləti adlı bir yanaşma var. Bu yanaşmaya görə, silahlı münaqişədən sonrakı dövrdə davamlı sülh yalnız siyasi razılaşmalarla deyil, eyni zamanda hüquqi məsuliyyət mexanizmləri vasitəsilə möhkəmləndirilə bilər. Münaqişədən sonrakı cəmiyyətlərdə ən təhlükəli tendensiyalardan biri cəzasızlıq hissidir. Tarix göstərir ki, ağır cinayətlər hüquqi qiymət almadıqda, bu, gələcəkdə yeni zorakılıq risklərini artırır. Əksinə, qanunun aliliyinə əsaslanan mühakimə prosesi həm zərərçəkmişlərin ədalət gözləntilərini təmin edir, həm də gələcək nəsillərə hüququn üstünlüyü barədə aydın mesaj verir.

Ona görə də Bakı Apelyasiya Məhkəməsindəki belə proseslər münaqişədən sonrakı dövrdə ədalətin bərpası, cəzasızlığın aradan qaldırılması və uzunmüddətli sülhün hüquqi əsaslarının formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycan bu məhkəmə prosesi vasitəsilə beynəlxalq ictimaiyyətə mühüm mesaj verir. Otuz ilə yaxın davam etmiş işğalın nəticələri hüquqi müstəvidə qiymətləndirilir. Münaqişənin yaratdığı ağır humanitar və hüquqi nəticələr silahlı qarşıdurma deyil, məhkəmə institutları vasitəsilə araşdırılır.

Qulamhüseyn Əlibəyli,
hüquqşünas

Bizə qoşulun