Medianews.az
Erməni ekspertlər İsrail hökumətinin qərarı haqda nə düşünürlər?
131 baxış

Erməni ekspertlər İsrail hökumətinin qərarı haqda nə düşünürlər?

Məlum olduğu kimi, İsrail hökuməti xarici işlər naziri Gideon Saarın qondarma “erməni soyqırımı”nın tanınması üçün hazırladığı layihəni yekdilliklə dəstəkləyib. Layihə İsrail parlamentində - Knessetdə də təsdlənərsə, bu halda “erməni soyqırımı” məsələsi İsrailin rəsmi dövlət siyasətinin bir hissəsinə çevrilə bilər.

Medianews.az xəbər verir ki, Ermənistanda prosesin son mərhələyədək gedib çıxacağına şübhə edənlər az deyil.

İrəvanda yerləşən “Orbeli” Analitik Mərkəzinin eksperti, şərqşünas Armen Petrosyan Ermənistan İctimai Radiosuna açıqlamasında deyib ki, prosesin sona çatdırılacağı ehtimalı çox deyil. O qeyd edib ki, İsraildə parlament idarə üsulu hökm sürdüyü üçün hökumətin qərarı yalnız Knessetdə təsdiqlənəndən və ölkə prezidenti tərəfindən imzalananadan sonra qüvvəyə minir. Hazırda bunların heç birinin baş vermədiyini diqqətə çatdıran A.Petrosyan vurğulayıb: “İsraildə seçkiqabağı dövrün olduğunu da nəzərə alsaq, hesab edirəm ki, Knesset layihəni qəbul etməyə əslində vaxt da çatdırmayacaq və proses yalnız siyasi, təbliğati səviyyədə, həm də Türkiyəyə yönəlmiş siyasi siqnal kimi qalacaq”.

A.Petrosyan İsrail hökumətinin qərarının Türkiyə ilə münasibətlərin son dərəcədə gərginləşməsindən doğduğunu vurğulayıb. Digər səbəblər kimi o, İsraildəki daxili siyasi prosesləri, o cümlədən seçkiqabağı fəaliyyətləri və regional vəziyyəti göstərib. Petrosyanın fikrincə, hökumətin qərarı bu üç amilin cəmindən törəyib.

A.Petrosyanın fikrincə, Türkiyədə də bu prosesin sona çatdırılmayacağını anlayırlar: “Ona görə də ritorik, siyasi səviyyədə müəyyən bir “atışma”, bir dövr olacaq, sonra tərəflər yenidən öz mövzularına qayıdacaqlar. İsrail hökumətinin qərarının ciddi bir təsiri olmayacaq, bu qərar münasibətləri pisləşdirən bir faktora çevrilməyəcək, əksinə, münasibətlər pisləşib deyə belə bir qərar verilib”.

İrəvan Dövlət Universitetinin tarix və türkşünaslıq kafedrasının professoru Ruben Safrastyan da bildirib ki, İsrail hökumətinin “erməni soyqırımı”nı tanıması siyasi proseslərə ciddi təsir göstərməyəcək: “Çünki Türkiyə iddia edir ki, İsrail Qəzzada həyata keçirilən və bəzi dairələrdə soyqırımı kimi xarakterizə edilən hərəkətlərə görə məsuliyyət daşıyır. İndi də İsrail “erməni soyqırımı” məsələsindən siyasi əks-təsir vasitəsi kimi istifadə etməyə çalışır”.

R.Safrastyan Knessetin layihəni qəbul edəcəyinə şübhə ilə yanaşdığını söyləyib: “Əlbəttə, motiv siyasidir, çünki hazırda İsrail və Türkiyə münasibətləri pisləşib. Bu, bir. İkincisi, Türkiyə ilə münasibətləri pisləşəndə İsraildə müxtəlif zamanlarda bu məsələ parlamentdə qaldırılıb, amma proses sona çatdırılmayıb. Ona görə bu dəfə də parlamentin layihəni qəbul edəcəyinə tam əmin deyiləm”.

Medianews.az

Bizə qoşulun