Qazaxıstan sərhəddən yanacağın qanunsuz ixracının qarşısını almaq üçün tədbirlər həyata keçirib.
Medianews.az Tengrinews.kz saytına istinadla xəbər verir ki, energetika nazirinin müavini Kayırrxan Tutkışbayev bu tədbirləri hökumət brifinqində açıqlayıb.
Nazir müavinin sözlərinə görə, tətbiq olunan tədbirlərdən biri həmsərhəd dövlətlərdən nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmasıdır.
"Hazırda həmsərhəd dövlətlərdən olan yük maşınlarının və minik avtomobillərinin Qazaxıstana gündə bir dəfədən çox olmayaraq daxil olmasına icazə verən tədbir qüvvədədir", - Kaiyrxan Tutkışbayev deyib.
Onun sözlərinə görə, əsas diqqət "boz" yanacaq ixracı üçün əlavə yanacaq çənləri istifadə edilən nəqliyyat vasitələrinin müəyyən edilməsidir.
Rəsmi şəxs deyib ki, qanunsuz yanacaq ixrac etməyə çalışan qayda pozucuları sərhəd bölgələrində müntəzəm olaraq müəyyən edilir.
Daha əvvəl baş nazir Oljas Bektenov yanacaq və sürtkü yağlarının qanunsuz ixracına nəzarətin artırılmasını əmr etmişdi. Hökumətin məlumatlarına görə, cəmi iki gün ərzində nəzarət məntəqələrində əlavə çənlərdə və bidonlarda üç tondan çox yanacaq ixrac etmək üçün 61 cəhdin qarşısı alınıb və ilin əvvəlindən bəri neft məhsullarının qanunsuz ixracı üçün 593 cəhdin qarşısı alınıb.
Qazax məmurlar “həmsərhəd dövlətlər” ifadəsindən istifadə edərkən, söhbətin hansı dövlətdən getdiyini konkretləşdirmirlər. Lakin hər kəs bilir ki, hazırda yanacaq qıtlığı Rusiya Federasiyasında hökm sürür və bu ölkənin Qazaxıstanla həmsərhəd olan vilayətlərinin bir çox sürücüləri Qazaxıstandan yanacaq daşımaqla həm öz ehtiyaclarını təmin etmək, həm də baha sataraq pul qazanmaq niyyətindədirlər.