Türkiyənin Antalya şəhərində iki nəfər arasında baş verən mübahisə ağır xəsarətlə nəticələnib.
Medianews.az xəbər verir ki, avtomobil sürücüsü mübahisə etdiyi şəxsin üzərinə maşın sürərək onu avtomobillə binanın giriş qapısı arasında sıxışdırıb.
Hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Hadisə iyulun 6-da axşam saatlarında Konyaaltı rayonunun Hurma məhəlləsində baş verib. Məlumata görə, C.B. ilə avtomobilinin yanında dayanan M.G. arasında naməlum səbəbdən mübahisə yaranıb.
Mübahisə qısa zamanda böyüyüb. Bildirilir ki, M.G. avtomobilə əyləşdikdən sonra C.B. qapıları açmağa çalışıb, daha sonra isə avtomobilin güzgü və şüşələrinə zərbələr endirib. Bundan sonra M.G. hadisə yerindən uzaqlaşmaq istəyərkən avtomobili qəfil C.B.-nin üzərinə sürüb.
Zərbənin təsirindən C.B. avtomobillə yaşayış binasının giriş qapısı arasında sıxışaraq ağır xəsarət alıb. Sürücü isə hadisə yerindən uzaqlaşıb.
Ətrafdakı şəxslərin məlumat verməsindən sonra hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralı ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.
Hadisədən sonra polis əməkdaşları M.G.-ni saxlayaraq polis bölməsinə aparıblar. O, ilkin ifadəsində C.B.-nin ona hücum etdiyini, avtomobillə uzaqlaşmağa çalışarkən hadisənin baş verdiyini iddia edib.
Baş verənlər ərazidəki təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb. Görüntülərdə sürücünün əvvəlcə geri manevr etdiyi, daha sonra isə avtomobili birbaşa C.B.-nin üzərinə sürərək onu binanın giriş qapısına sıxışdırdığı aydın görünür. Polis faktla bağlı araşdırmanı davam etdirir.
Medianews.az