Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan liderlərin həyat yoldaşlarını Çankaya Köşkündə qəbul edib.
Medianews.az xəbər verir ki, qəbul zamanı diqqət çəkən məqamlardan biri Cənubi Koreya Prezidenti Li Ce Myunun həyat yoldaşı Kim Hea Kyunqun seçimi olub.
O, tədbirə Əminə Ərdoğanın əvvəlki görüşlərdən birində ona hədiyyə etdiyi Ankaraya məxsus ənənəvi yumşaq parçadan hazırlanmış şal və çanta ilə qatılıb.
Bu addım iki ölkə arasında dostluq münasibətlərinə verilən önəmin və mədəni diplomatiyanın incə nümunəsi kimi qiymətləndirilib. Kim Hea Kyunqun hədiyyədən istifadə etməsi qəbul iştirakçılarının da diqqətini cəlb edib.
Çankaya Köşkündə keçirilən görüş zamanı liderlərin həyat yoldaşları səmimi söhbətlər aparıb, mədəni əlaqələrin inkişafı və qarşılıqlı dostluq münasibətlərinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, Ankarada keçirilən NATO Zirvəsi təkcə siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsi ilə deyil, həm də diplomatik jestlər və mədəni yaxınlaşmanı əks etdirən anlarla yadda qalıb.
Medianews.az



