Medianews.az
"Süni intellekt mənə etiraf etdi ki, "vicdanım yoxdur"" -
530 baxış

"Süni intellekt mənə etiraf etdi ki, "vicdanım yoxdur"" - Jurnalistikanın gələcəyi necə olacaq?

Son illərdə texnologiyanın sürətli inkişafı həyatın demək olar ki, bütün sahələrini dəyişib. Bu inkişafın ən diqqətçəkən nəticələrindən biri süni intellektin gündəlik həyatımıza daxil olmasıdır. Artıq süni intellekt yalnız texnoloji sahələrlə məhdudlaşmır, təhsil, səhiyyə, media və hətta incəsənət kimi müxtəlif sahələrdə öz yerini tapır. Həm imkanlar, həm də risklər baxımından süni intellekt bəşəriyyətin qarşısında yeni dövr açır.

Media sahəsində süni intellektin sürətli inkişafı fonunda jurnalist və redaktorların bu texnologiyadan səmərəli istifadə edə bilməsi üçün hansı konkret təlim proqramları və təşəbbüslər həyata keçirilməlidir? Azərbaycan mediasında süni intellektə uyğunlaşma prosesini sürətləndirmək üçün hansı institusional və təlim təşəbbüsləri vacib hesab olunur?

Mövzu ilə bağlı Medianews.az-a danışan Musavat.com-un baş redaktoru Əli Rais qeyd edib ki, süni intellekt bu gün dünyanın istisnasız şəkildə qəbul etdiyi, faydaları danılmaz olan ən mühüm texnoloji yeniliklərdən biridir.

O bildirib ki, bu texnologiyadan dünya jurnalistləri, tədqiqatçılar, analitiklər və müxtəlif sahələrin mütəxəssisləri öz fəaliyyətlərini daha operativ və səmərəli şəkildə həyata keçirmək üçün geniş istifadə edirlər: “Sİ-nin köməyi ilə materialların toplanması, məlumatların təhlili, təqdimatların hazırlanması və informasiya məkanına çıxış əvvəlkindən qat-qat asanlaşıb. Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılır. Media İnkişafı Agentliyi jurnalistlərin bu texnologiyaya uyğunlaşması üçün maarifləndirici tədbirlər həyata keçirir. Məsələn, bu ilin oktyabr ayında ADA Universitetində təşkil edilən “Süni intellektin mediada tətbiqi” adlı seminar məhz bu məqsədə xidmət edirdi. Tədbir zamanı jurnalistlər süni intellekt alətlərindən düzgün və etik şəkildə istifadə qaydalarını, həmçinin bu texnologiyanın gələcəkdə mediaya gətirəcəyi dəyişiklikləri ətraflı öyrəndilər. Bu tip seminarlar həm peşəkar bacarıqların artırılmasına, həm də yeni texnoloji düşüncə tərzinin formalaşmasına şərait yaradır.

Artıq aydındır ki, gələcək texnoloji dövr süni intellektsiz təsəvvür edilə bilməz. Media sektoru da bu prosesin ön cəbhəsində dayanır. Yaxın illərdə Sİ texnologiyalarını effektiv idarə edə bilən jurnalistlər daha çox dəyər qazanacaq, əmək bazarında üstün mövqeyə sahib olacaqlar”.

Ə.Rais vurğulayıb ki, burada əsas məsələ süni intellektlə işləmək deyil, süni intellekti idarə etməyi bacarmaqdır: “Yəni jurnalist sadəcə tapşırığı yazıb süni intellektə verməklə kifayətlənməməlidir. Əksinə, o, süni intellekti bir ekspert və köməkçi kimi görməli, ondan məlumat, istiqamət və ideya alaraq öz yaradıcılığını ortaya qoymalıdır. Belə yanaşma nəticəsində ortaya çıxan məhsul həm insan intellektinin yaradıcılıq dərinliyini, həm də süni intellektin analitik gücünü birləşdirir. Nəticədə daha dərin, balanslı və müasir tələblərə cavab verən jurnalistika formalaşır.

Bu gün jurnalist yalnız xəbər yazan şəxs deyil; o, həm də rəqəmsal alətləri, süni intellekt sistemlərini və məlumat texnologiyalarını idarə edən mütəxəssis olmalıdır. Media nümayəndələri yeni texnoloji trendləri izləməli, onları öz iş prosesinə inteqrasiya etməli və daim öyrənməyə açıq olmalıdırlar”.

1News.az saytının baş redaktoru Kəmalə Məmmədova Medianews.az -a açıqlamasında deyib ki, süni intellekt jurnalist üçün sadəcə bir alətdir - onu düzgün və məqsədyönlü istifadə etmək vacibdir: “Bu texnologiya bizim işimizi daha sürətli, dəqiq və keyfiyyətli etməyə kömək edir, amma heç bir halda jurnalisti əvəz edə və ondan üstün ola bilməz. Biz artıq görmüşük ki, kim bu alətlərə 100 faiz güvənir və nəticəni yoxlamadan yayımlayırsa, onun nəticəsi çox zaman acınacaqlı olur.

Təlimlərə gəldikdə, həm Media İnkişaf Agentliyi, həm də müxtəlif qurumlar bu istiqamətdə maarifləndirici proqramlar keçirir.  Bizim redaksiyada da daim məsləhətləşmələr aparılır, alətlərin düzgün istifadəsi müzakirə olunur. Sİ-dən əsasən tərcümədə köməkçi kimi və yazıların daha tez hazırlanması və dərci üçün istifadə edirik. Yəni, məqsəd insanı əvəzləmək yox, onun işini gücləndirməkdir”.

K.Məmmədovanın sözlərinə görə, media sahəsində süni intellektin sürətli inkişafı jurnalist və redaktorların yeni bacarıqlar qazanmasını qaçılmaz edir: “Buna görə də praktik yönümlü təlimlərə ehtiyac var - Sİ alətlərinin (məsələn, mətn xülasəsi, fakt yoxlama, kontent analizi) redaksiya prosesinə düzgün inteqrasiyasını öyrədən qısa kurslar təşkil edilməlidir. Bu proqramlar həm etik və hüquqi məsələləri, həm də redaksiyada məsuliyyət bölgüsünü əhatə etməlidir. Azərbaycan mediasının bu dəyişikliklərə daha çevik uyğunlaşması üçün təşəbbüslər yaradılmalı, universitetlər, media orqanları və dövlət qurumları arasında əməkdaşlıq gücləndirilməlidir. Xüsusilə kiçik redaksiyalar üçün onlayn təlimlər və mentorluq proqramları vacib rol oynayır. Əsas məqsəd - jurnalistikanı texnologiyadan asılı yox, onu ağıllı və məsuliyyətli şəkildə idarə edə bilən səviyyəyə gətirməkdir”.

Hə, vallah, sən də düz deyirsən...” - Samir Mirzə

Medianews.az-ın suallarını cavablandıran Ölkə.az-ın baş redaktoru Samir Mirzə isə bildirib ki, öncəliklə istər media nümayəndələri, istərsə də sıravi vətəndaşlar artıq necə bir dünyada yaşadığımızın fərqinə varmalıdırlar: “Hansı məhsulun süni intellekt istehsalı olduğunu bilməlidirlər. Cəmiyyətimiz artıq süni intellektlə yaxından tanış olmalıdır. Belə olmasa, ya işsizlərin sayı artacaq, ya da gördükləri hər şeyə inanacaqlar. Hazırda hansı videonun real və yaxud feyk olduğunu ayırd etmək get-gedə çətinləşir. Süni intellektlə yaxından tanış olanlar belə artıq nəyin gerçək, nəyin saxta olduğunu rahatlıqla seçə bilmir. Jurnalist olaraq biz də bu cəmiyyətin ayrılmaz hissəsiyik və işimiz insanlara informasiya verməkdir. Sıravi vətəndaşdan daha çox diqqətli və məlumatlı olmalıyıq. Bir neçə dəfə süni intellektdən müsahibə almışam, özü etiraf etdi ki, “vicdanım yoxdur, amma mənə həddindən artıq güvənirlər”. Bu, artıq çox nüanslardan xəbər verir”.

S.Mirzənin fikrincə, yubanmadan İT sahəsində çalışan müxtəlif mütəxəssislər vasitəsilə heç olmasa ayda 1 dəfə jurnalistlərə təlimlər keçirilməlidir: “Orta məktəblərin yuxarı siniflərində, universitetlərdə süni intellektlə bağlı dərslərin keçirilməsi zərurətə çevrilir. Yeniliklər çıxdıqca dərsliklərə, təlim proqramlarına daxil edilməlidir. Biz istəsək də, istəməsək də artıq sürətlə texnologiyanın dərinləşdiyi dövrə gedirik. Öyrənməyənlər, uyğunlaşmayanlar çox şey itirəcəklər. Prosesdən yayınmaq, qaçmaq mümkünsüzdür. Ötən günlərdə bəzi qurumların süni intellektə düzgün tapşırıqlar vermədiyinə görə necə səhvlərə yol verdiyinin şahidi olmuşuq. Hətta bir çox KİV-də bununla bağlı xəbər mətnləri də dərc edildi. Bir daha vurğulamaq yerinə düşər ki, biz ən azı geri qalmamaq, uduzmamaq, aldanmamaq üçün süni intellektə uyğunlaşmalıyıq”.

Nailə Qasımova,
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

Azərbaycanın informasiya SAVAŞINA XİDMƏT: <span style=color:red>Səsimiz  beynəlxalq miqyasda EŞİDİLƏCƏK - Medianews.az

Bizə qoşulun