Medianews.az
Süni intellekt işləri düz getmir
64 baxış

Süni intellekt işləri düz getmir

Parlamentdə “Kənd təsərrüfatında süni intellektin tətbiqi” mövzusunda ictimai dinləmə keçirilib.

Düzü, xəbəri eşidəndə əvvəl elə başa düşdüm ki, burada süni intellektlə bağlı hansısa qanun layihəsi və ya yeni təşəbbüslər müzakirə olunur.

Sonradan məlum oldu ki, əsasən aqrar sahədə hazırlanmış süni intellekt həllərinin deputatlara təqdimatı təşkil edilib. Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, aqrar sektorda 30-dan çox süni intellekt modulu hazırlanıb. Əlbəttə, nazirliyin aqrar sektorun inkişafına dəstək məqsədilə bu qədər rəqəmsal modul hazırlaması təqdirəlayiqdir.

Amma sual yaranır: seçilən format düzdürmü?

Doğrudanmı peşəkar qanunvericilik fəaliyyəti ilə məşğul olan deputatlar üçün sırf aqrar yönümlü, heyvandarlıq, bitkiçilik, pestisidlər və torpaq analizləri və aqrar proseslərlə bağlı rəqəmsal modulların texniki təqdimatı əsas müzakirə mövzusu olmalıdır?

Düşünürəm ki, bu sahədə yanaşmaları dəyişmək lazımdır.

Bir müddət öncə Prezidentin sədrliyi ilə keçirilən, rəqəmsal arxitekturaya həsr olunmuş müşavirədə qoyulan tələblər tam başqa məntiqə əsaslanır. Yeni qəbul edilən Fəaliyyət Planında da fərqli yanaşmalar göstərilib.

Məhz sektorda koordinasiyanı təmin etmək və bu tip problemləri aradan qaldırmaq üçün Rəqəmsal İnkişaf Şurası yaradılıb.

Bu baxımdan daha məntiqli olardı ki, Kənd Təsərrüfatı Nazirliyi qanun istehsal edən deputatlarla deyil, süni intellekt həlləri yaradan biznes, startaplar, tədqiqat mərkəzləri və texnoloji icmalarla görüşlər keçirsin.

Gözlənti odur ki, Rəqəmsal İnkişaf Şurası və onun katibliyini həyata keçirən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi biznes və startapları, texnoloji icmanı bir araya gətirməli, Kənd Təsərrüfatı Nazirliyinə məxsus RƏQƏMSAL HƏLLƏRİ deyil, ona məxsus DATALARI təqdim etməlidir.

Bəli, indiki anda ən doğru və məntiqlisi o olardı ki, Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə topladığı datasetləri biznes və startaplar üçün açsın. Öz problemlərini, sektorun inkişafı üçün zəruri ehtiyaclarını təqdim etsin.

Amma görünən odur ki, bu məlumatlardan əsasən yalnız dövlət qurumunun özü istifadə etməyə çalışır.

Gözlənti bu idi ki, Rəqəmsal İnkişaf Şurası prosesi koordinasiya edəcək, Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarını texnologiya və süni intellekt icmasına təqdim edəcək, həmçinin AzInTelecom və İqtisadiyyat Nazirliyinin superkompüter mərkəzlərinin resurslarına çıxış imkanları yaradılacaq.

Dünyada və regionda bu sahə məhz belə inkişaf edir.

Məsələn, Qazaxıstan hökuməti 200-dən çox dövlət datasetini açaraq startap və şirkətlər üçün açıq platforma yaradıb. İT komandaları bu məlumatlardan istifadə edərək yeni süni intellekt həlləri hazırlayır. Dövlət isə bu prosesdə xidmət təminatçısı rolunu oynayır.

Qlobalda AgroTech siyasəti məhz dövlət məlumatları +İT biznes+ startap ekosistemi + açıq innovasiya modeli üzərində inkişaf edir.

Amma bizdə hələlik dövlət datası+dövlət sektoru+dövlət şirkətləri modeli daha çox gözə çarpır.

Bu səbəbdən indiki anda düşünürəm ki, süni intellektlə bağlı ən vacib məsələ parlamentdə təqdimat və ya dinləmələr olmalı deyil.

Əsas məsələ data, hesablama resursları və bazara çıxışdır.

Regionda rəqabətin artdığı bir dövrdə real nəticə əldə etmək üçün ən doğru addım dövlətə məxsus dataları açmaq, biznes və startapları prosesə cəlb etmək və texnologiya icması ilə əməkdaşlıq qurmaqdır.

Ümid edirəm ki, Rəqəmsal İnkişaf Şurası və onun katibliyini həyata keçirən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu məsələlərin fərqindədir.

Osman Gündüz, 
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru 

Bizə qoşulun