Bəzi şagirdlər, xüsusilə aşağı siniflərdə təhsil alanlar məktəbə könülsüz gedir, yaxud heç getmək istəmirlər. Bunu hətta dərslərin başladığı saatda məktəb binalarının qarşısında da müşahidə etmək olur. Valideynin uşağın əlindən tutub faktiki zorla məktəbə sarı dartması mənzərəsinə yəqin hər kəs şahidlik edib.
Bəzi uşaqların məktəbə getmək istəməməsinin səbəbi nədir? Məktəb qorxusu, sosial fobiya, yoxsa digər emosional problemlər? Uşağın məktəbə getmək istəməməsi uzun müddət davam edərsə, hansı addımlar atılmalıdır?

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Medianews.az-a açıqlamasında bildirib ki, məktəbə getmək istəməmək xüsusilə ibtidai və aşağı siniflərdə tez-tez rast gəlinən və son illər bir çox ölkədə ciddi müzakirə olunan psixoloji və pedaqoji mövzulardan biridir.
Onun sözlərinə görə, beynəlxalq elmi ədəbiyyatda bu vəziyyət “school refusal” kimi qeyd olunur və tədqiqatlar göstərir ki, bu hal təkcə uşağın intizamsızlığı və ya tənbəlliyi ilə bağlı deyil, çox vaxt onun daxili emosional vəziyyəti, sosial mühiti və təhsil mühitində yaşadığı təcrübələrlə əlaqədardır: “Amerika Uşaq və Yeniyetmə Psixiatriyası Akademiyasının apardığı və Avropada məktəb psixologiyası üzrə həyata keçirilən tədqiqatların nəticələri göstərir ki, məktəbə getməkdən imtina edən uşaqların əhəmiyyətli hissəsində narahatlıq pozuntuları, ayrılıq təşvişi, sosial təşviş və ya adaptasiya çətinlikləri müşahidə olunur.
Uşağın məktəbdən uzaqlaşması əslində onun psixoloji gərginlikdən qaçmaq cəhdidir. Bu səbəbdən məsələni sadəcə davranış problemi kimi deyil, daha çox emosional siqnal kimi qiymətləndirmək lazımdır”.

E.Rüstəmov qeyd edib ki, bir çox halda səbəblər çoxşaxəli olur: “Uşaq məktəb mühitində özünü təhlükəsiz və rahat hiss etməyə bilər. Sinifdə müəllimlə münasibətlərdə çətinlik, həmyaşıdlarla konflikt və ya zorakılıq halları, akademik çətinliklər, özünə inamın zəif olması və ya sosial adaptasiya problemi bu vəziyyəti yarada bilər. Bəzi uşaqlar isə ailədən ayrılmağa çətinlik çəkir və bu daha çox ayrılıq təşvişi ilə bağlı olur. Xüsusilə ibtidai siniflərdə valideynə emosional bağlılıq güclü olduqda məktəbə getmək uşağın psixoloji təhlükəsizlik hissini sarsıda bilər.
Digər tərəfdən müasir dövrdə uşaqların gündəlik həyat tərzində baş verən dəyişikliklər də bu problemi artıran faktorlardan biridir. Rəqəmsal mühitdə çox vaxt keçirmək, yuxu rejiminin pozulması, fiziki aktivliyin azalması və sosial ünsiyyət bacarıqlarının zəifləməsi uşağın məktəb mühitinə uyğunlaşmasını çətinləşdirə bilər. Bir sıra beynəlxalq tədqiqatlar göstərir ki, pandemiya dövründən sonra məktəbə getməkdən imtina edən uşaqların sayı artıb və bunun əsas səbəblərindən biri sosial adaptasiya bacarıqlarının zəifləməsidir”.

Psixoloq vurğulayıb ki, valideynlərin uşağı zorla məktəbə aparması uzunmüddətli həll yolu hesab olunmur: “Qısa müddətdə bu davranış nəticə versə də, uşağın daxilindəki narahatlığı daha da artıraraq məktəbə qarşı mənfi emosional assosiasiya yarada bilər. Psixoloji yanaşma baxımından əsas məqsəd uşağın məktəb mühitini təhlükəsiz və dəstəkləyici məkan kimi qəbul etməsinə kömək göstərməkdir.
Belə vəziyyət uzun müddət davam edərsə, ilk növbədə səbəbin müəyyənləşdirilməsi vacibdir. Valideyn, müəllim və məktəb psixoloqu birlikdə uşağın davranışını müşahidə etməli, onun emosional vəziyyətini anlamağa çalışmalıdır. Uşaqla açıq və mühakiməsiz ünsiyyət qurmaq, onun narahatlığının mənbəyini dinləmək çox vacibdir. Bir çox halda uşaq məktəbə getmək istəmədiyini deyir, amma əslində o, qorxu, utancaqlıq və ya özünü kifayət qədər güclü hiss etməmək kimi emosiyaları ifadə edir.

Beynəlxalq praktikada belə hallarda məktəb və ailə arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Tədrici adaptasiya modeli geniş tətbiq olunur. Bu modeldə uşaq birdən-birə tam dərs gününə qaytarılmır, əvvəlcə qısa müddətli iştirakla başlayır və mərhələli şəkildə məktəb mühitinə adaptasiya olunur. Paralel olaraq psixoloji dəstək, sosial bacarıqların inkişafı və özünə inamın gücləndirilməsi üzərində işlənir”.
E.Rüstəmov vurğulayıb ki, əgər məktəbə getmək istəməmək davamlı xarakter alırsa və uşağın gündəlik həyatına ciddi təsir edirsə, mütəxəssis dəstəyi vacibdir: “Uşaq psixoloqu və ya məktəb psixoloqu ilə işləmək uşağın narahatlıq səviyyəsinin azaldılmasına və məktəbə münasibətinin bərpa olunmasına kömək edir. Erkən müdaxilə burada əsas faktordur. Araşdırmalar göstərir ki, vaxtında psixoloji dəstək alan uşaqların böyük əksəriyyəti qısa müddətdə məktəb mühitinə uğurla adaptasiya olur”.

Psixoloq bildirib ki, ümumilikdə uşağın məktəbə getmək istəməməsi cəmiyyət üçün ciddi siqnal kimi qəbul edilməlidir: “Bu hal bizə göstərir ki, uşağın emosional dünyasında müəyyən çətinliklər mövcuddur və ona dəstək lazımdır. Məktəb yalnız təhsil verilən yer deyil, həm də uşağın sosiallaşdığı və şəxsiyyət kimi formalaşdığı mühitdir. Ona görə də ailə, məktəb və psixoloji xidmətlər birlikdə çalışaraq uşaqların məktəbə sevə-sevə getdiyi sağlam psixoloji mühit formalaşdırmalıdır”.
Nailə Qasımova,
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.
