Medianews.az
Müharibənin üçüncü həftəsi:
115 baxış

Müharibənin üçüncü həftəsi: Tramp ağır seçim qarşısındadır

İrana qarşı müharibənin üçüncü həftəsi ABŞ prezidenti Donald Trampı böyük siyasətin ən ağır seçimi qarşısında qoyur: hücumu davam etdirərək münaqişəni dərinləşdirmək, yoxsa aralıq qələbə elan edib geri çəkilməyə başlamaq.

Problem ondadır ki, hər iki variant artıq ciddi xərclər və risklər daşıyır; söhbət təkcə hərbi itkilərdən deyil, həm də Yaxın Şərq və dünya iqtisadiyyatı üçün strateji nəticələrdən gedir.

Kampaniyanın ilkin nəticələri ilk baxışdan təsirli görünür. ABŞ-İsrail zərbələri İranın hava hücumundan müdafiə sistemini ciddi şəkildə zəiflədib, Tehranın raket potensialını azaldıb və donanmasına zərər vurub. Ayətullah Əli Xameneyinin sıradan çıxarılması bir çoxlarının bütöv bir dövrün sonu kimi qiymətləndirdiyi tarixi hadisə oldu.

Lakin müharibə tezliklə göstərdi ki, hərbi maşının bir hissəsinin məhv edilməsi rejimin siyasi süqutu demək deyil. İran teokratiyası idarəetməni qoruyub saxlayıb, güc strukturları fəaliyyətini davam etdirir, kiberhücumlardan tutmuş gəmiçiliyə endirilən zərbələrə qədər asimmetrik təzyiq alətləri hələ də Tehranın əlindədir.

Məhz burada Vaşinqtonun əsas strateji səhvi üzə çıxdı. Görünən odur ki, Amerika administrasiyası İranın birbaşa cəbhə boyu deyil, xaos yaratmaq yolu ilə cavab vermək qabiliyyətini düzgün qiymətləndirməyib. İflic vəziyyətinə düşmüş Hörmüz boğazı, ticarət gəmilərinə hücumlar, neft qiymətlərinin artması, bazarlardakı gərginlik və regionun enerji infrastrukturuna zərbələr – bütün bunlar hətta zəifləmiş İranı belə son dərəcə təhlükəli rəqibə çevirir.

İran bu gün klassik hərbi mənada daha zəif olsa da, müharibənin davam etdirilməsi müqabilində dünyaya hələ də ağır bədəl ödətmək iqtidarındadır.

Bu, Tramp üçün xüsusilə həssas məqamdır. Onun siyasi kapitalı həmişə uzunmüddətli xarici avantüralardan qaçan və praqmatik hərəkət edən lider obrazı ilə bağlı olub. İndi isə o, əlavə qüvvələr, yeni dəniz əməliyyatları, koalisiyanın genişləndirilməsi və bəlkə də daha təhlükəli qərarlar tələb edən bir münaqişəyə sürüklənib.

Onun elektorat bazasında təşviş artır: Amerikanı yeni müharibələrə cəlb etməmək vədi genişlənən Yaxın Şərq cəbhəsinin reallığı ilə toqquşur.

Lakin geri çəkilmək də xilas yolu kimi görünmür. Əgər Vaşinqton indi dayansa, İran ən vacib amili – müqavimət göstərmək üçün siyasi iradəsini və bəlkə də əsas narahatlıq predmeti olan silah dərəcəli uran ehtiyatlarını qoruyub saxlayacaq. Bu isə hərbi əməliyyatın öz əsas məqsədinə çatmadan başa çatması deməkdir. Belə olan halda hazırkı fasilə sülh deyil, sadəcə qarşıdurmanın növbəti, bəlkə də daha təhlükəli mərhələsi öncəsi bir nəfəslik olacaq.

Vəziyyəti Vaşinqtonda müzakirə olunan iki ssenari daha da kəskinləşdirir: İranın neft ixracının əsas hissəsinin keçdiyi Xarq adasının ələ keçirilməsi və yeraltı anbarlardan yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılması əməliyyatı.

Birinci variant İranın iqtisadi cəhətdən boğulmasını vəd etsə də, faktiki işğal və uzunmüddətli hərbi mövcudluq tələb edəcək. İkincisi isə zərgər dəqiqliyi və böyük risk daşıyan, səhv bədəli hədsiz yüksək olan bir reyd olacaq.

Tramp öz qərarının tələsinə düşüb. Müharibənin davamı ABŞ üçün yeni itkilər, iqtisadi zərbə və ölkə daxilində siyasi parçalanma vəd edir. Geri çəkilmək isə bitməmiş bir əməliyyat kimi görünəcək və nəticədə İran yaralı, lakin sarsılmamış qalacaq.

Hazırkı anın paradoksu da məhz bundadır: Vaşinqton döyüş meydanında qalib gələ bilər, lakin eyni zamanda daha geniş strateji müstəvidə uduza bilər. Güc nümayişi kimi planlaşdırılan müharibə getdikcə Amerikanın dözümünün, əsəblərinin və öz qərarlarının nəticələrini hesablama qabiliyyətinin sınağına çevrilir.

Elçin Alıoğlu,
politoloq

 

Bizə qoşulun