“Mən çox böyük dostumu itirmişəm. O mənim kino dostum idi. Bu xəbəri eşidəndə çox pərt oldum. Heç kəs qalmadı. Şəfiqə Məmmədovadan başqa o dövrün sənətçilərindən kim qalıb? Qalıbsa bir nəfərin adını deyin. Heç kəs yoxdur. Həsən Məmmədov getdi, Həsən Turabov getdi. Bu gün Akademik Milli Dram teatrına gəlib, onunla son dəfə görüşəcəm”.

Bunu Medianews.az-a özəl açıqlamasında xalq artisti Leyla Şıxlinskaya deyib.
O daha sonra sənət dostunun xəstəliyindən xəbərsiz olduğunu bildirib: “Biz yarım il bundan əvvəl görüşmüşdük. O kinoittifaqa sədr seçiləndə mən yanına getmişdim. Gedib onu təbrik etdim, çayını içdim. Şəfiqə Məmmədova da orada idi. Amma nə xəstəliyindən danışırdı, nə də ki, ağrılarından. Xəstə olduğunu da bilmirdim”.

Leyla Şıxlinskaya bildirib ki, Rasim Balayevin filmlərdə çəkilmək arzusu ürəyində qaldı: “Rasim Balayev kimi sənətkarlar bu dünyaya bir dəfə gəlir. Çox təəssüf ki, rejissorlar belə “simpotiçni”, məşhur aktyoru, koloritli insanı öz filmlərinə çəkmədilər. Yəqin ki, onlar film çəkirlər, amma Allah bilir hansı aktyorlar çəkilir? Mənim bundan xəbərim yoxdur. Rasim Balayev kimi sənətkar üçün məxsusi rollar yazılmalı idi. Rejissorlar olmalı idi. Cavan rejissorlar o boyda titanı necə çəkə bilərdilər?! Onlar heç bilmirlər senari nədir?”.

Əli ƏSGƏR
Medianews.az