ABŞ/İsrail–İran müharibəsinin xarakteri artıq yeni mərhələyə qədəm qoyur. Münaqişənin ilk 12-13 günü ərzində ABŞ və İsrail sırf hücum mövqeyində idilərsə, hazırda Vaşinqton müdafiə faktorunu da ciddi şəkildə düşünmək məcburiyyətindədir. Bunun əsas səbəbi, prosesin ilk günlərindən qeyd etdiyim kimi, İranın hərbi əməliyyatların coğrafiyasını genişləndirməsi ilə bağlıdır. Tehran müharibənin miqyasını böyütdükcə, ABŞ üçün yeni problemlər yaranmağa başladı: artıq söhbət təkcə Körfəz ölkələrindəki bazaların deyil, həm də İraqdakı hərbi obyektlərin təhlükəsizliyindən gedir.
Strateji baxımdan ən kritik məsələ isə Hörmüz boğazı ilə bağlıdır. Faktiki olaraq, ticari tankerlər boğazda çarəsiz vəziyyətdə qalıb. İran bu gedişi ilə Avropa ölkələrini də prosesə cəlb edir. Ancaq Avropa dövlətləri müharibəyə birbaşa qoşula bilmir. Səbəb sadədir: Rusiya–Ukrayna müharibəsi gündəmdən düşsə də, bütün şiddəti ilə davam edir. Rusiya təhdidini nəzərə alan Avropa paytaxtları Ukrayna məsələsini artıq masa arxasında həll etməyə meyillidirlər. Rusiya isə onsuz da "sürünən" tempdə davam edən müharibənin sürətini tamamilə minimuma endirib. Avropa ölkələri Hörmüzdə ilişib qalmış gəmiləri üçün İrandan xahişlər etdikcə, Tehran birmənalı cavab verir: "Kölgə donanmasına aid həbs etdiyiniz gəmilərimizi qaytarın, tankerlərin keçidinə icazə verək".
İran müharibənin daha da dərinləşməsinə çalışır və bu məsələdə Rusiya ilə Çinin çox böyük rolu olduğu danılmazdır. Donald Tramp tankerlərin mühafizəsi üçün hərbi dəstək verməyəcəyini dəfələrlə bəyan edib; hətta gəmi sahiblərinə "ürəkli olub keçsinlər" deyirdi. Ancaq o "ürəkli" olanların aqibəti göz önündədir. Artıq Ağ ev Körfəzdə ağır bir bataqlığa düşdüyünün fərqindədir. Son bir neçə gündür rəsmi şəxslər Hörmüz boğazında təhlükəsizliyi təmin etmək üçün əlavə qüvvələrin göndəriləcəyini bildirirlər.
Bu gəmilər haradan gələ bilər? İlkin ehtimal Sakit okean hövzəsidir. Ancaq ABŞ aviadaşıyıcı qrupları Sakit okeanı tərk edib Yaxın Şərqə yönələrsə, orada yaranacaq geosiyasi boşluğu Çin dərhal dolduracaq. Təsadüfi deyil ki, Tayvan Müdafiə Nazirliyi artıq Çinə məxsus aviadaşıyıcı qrupun və döyüş təyyarələrinin ada ətrafında aktivləşdiyini bəyan etdi. Yəni ABŞ manevr etməyə başlamadan Çin öz gedişini etdi. Arktik istiqamətdən gəmi gətirilməsi isə həmin bölgədə Rusiyanın üstünlüyü ələ almasına şərait yaradacaq.
Hazırkı mənzərə göstərir ki, ABŞ-ın müdafiəni təşkil etməsi üçün daha çox hərbi gəmiyə ehtiyacı var. Hesablamalara görə, bir tankeri təhlükəsiz çıxarmaq üçün ən azı iki esmines lazımdır. Donald Tramp İran hərbi donanmasını "məhv etdiyini" desə də, İranın dəniz gücü ABŞ və digər ölkələrdən fərqli olaraq katerlərə əsaslanır. Bu sürətli katerlər raketlərlə təchiz olunub; bundan əlavə, İranın kamikadze-katerləri, sualtı dronları və gəmi əleyhinə raketləri mövcuddur. Əlbəttə, ABŞ və İsrailin hava və kosmik kəşfiyyat (ISR) üstünlüyünü nəzərə alsaq, həmin katerlər sahil sularından çıxmadan aşkar edilə və aviasiyanın hədəfinə çevrilə bilər. Həmçinin Pentaqonun hələ tam dövriyyəyə salmadığı kiber imkanları, elektron mübarizə sistemləri İranın "qayıq taktikasını" müəyyən dərəcədə sarsıda bilər. Ancaq bu texnoloji üstünlük belə, müharibənin artıq qitələrarası xarakter alan miqyasını kiçiltməyə yetmir. Belə olduqda, Fars körfəzi həm hərbi gəmilərin, həm də katerlərin qəbiristanlığına çevriləcək. Hücum edən tərəf vaxtı və hədəfi seçə bilir, müdafiə olunan tərəf isə hər yerdə olmaq məcburiyyətindədir ki, bu da qüvvələrin parçalanması deməkdir.
Bu vəziyyətdə alternativ plan kimi Xark adasının işğalı iddiası ön plana çıxır. Məsələ ondadır ki, adanı İranın quru ərazisindən cəmi 25-30 km məsafə ayırır. Bu o deməkdir ki, adanı qurudan artilleriya və yaylım atəş sistemləri ilə dayanmadan "döymək" mümkündür. Oranı ələ keçirmək asan olsa da, əldə saxlamaq indiki şərtlərdə qeyri-mümkündür. Adanı təminatla təchiz etmək üçün yenə İranın sahil sularından keçmək lazımdır ki, bu da "intihar" deməkdir. Oranı qorumaq üçün gərək İran daxilinə ən azı 50-100 km irəliləyib quru əməliyyatı keçirəsən. Bu isə on minlərlə hərbçinin cəlb edilməsini tələb edir. ABŞ-ın hərbi doktrinası "risk və fayda" (risk vs benefit) prinsipi üzərində qurulub: Xark adasını tutmağın faydası, itiriləcək resurslardan və Sakit okeanda Çinə veriləcək üstünlükdən qat-qat azdır. Digər tərəfdən, ABŞ adanı işğal etmək əvəzinə, oranı müntəzəm bombalaya və ya neft emalını tamamilə sıradan çıxara bilər. İran iqtisadiyyatının bu miqyasda bir blokadaya və infrastruktur dağıntısına nə qədər dözə biləcəyi sual altındadır. Bəli, Rusiya və Çin kömək edir, ancaq daxili sosial partlayış riski də ciddi bir hərbi-siyasi faktordur.
İndiki məqamda əsas sual budur: ABŞ istədiyi vaxt müharibəni dayandıra bilərmi? Hesab edirəm ki, xeyr. Necə ki, Rusiya-Ukrayna müharibəsini dayandırmaq Rusiya və Ukraynanın əlində deyil. Tramp hakimiyyətə gələn zaman qeyd edirdi ki, müharibəni qısa zamanda dayandıracaq. O vaxt da yazırdım ki, müharibəni dayandırmaq bir nəfərin, bir dövlətin gücü xaricindədir. İran müharibənin miqyasını o qədər genişləndirib ki, artıq prosesi dayandırmaq üçün digər pay sahiblərini də razı salmaq lazımdır. Tehranın "təzminat ödənməli və ABŞ bazaları bölgədən çıxarılmalı" tələbi əslində Çin və Rusiyanın da tələbidir. ABŞ Körfəzdən çıxarsa, yaranan boşluğu dərhal bu iki güc dolduracaq. Üstəlik, sülh imzalansa belə, İranın Bəhreyn və BƏƏ kimi ölkələrə zərbələrinin dayanacağı şübhə doğurur.
Parçalanma təkcə Yaxın Şərqlə bitmir, Şərqi Avropada da gərginlik artır. Serbiyanın Albaniya, Kosova və Xorvatiyanın ona qarşı hərbi ittifaq yaratdığını bildirməsi və Çindən raketlər alması yeni bir cəbhənin açılma ehtimalını göstərir. Bu, Çin və Rusiyanın ABŞ-ın diqqətini daha çox nöqtəyə dağıtmaq planının tərkib hissəsidir. Eyni zamanda bu, Avropa ölkələri üçün təhdid və şantaj kimi xarakterizə edilə bilər.
Kartlar açıqdır, oyunçular bəllidir. Prosesə hələ qoşulmayan ölkələr isə zamanla öz yerlərini müəyyən edəcəklər.
Səxavət Məmməd