Medianews.az
Şahzadə Məhəmməd bin Salmanın intiqamı
62 baxış

Şahzadə Məhəmməd bin Salmanın intiqamı

ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdıqları hərbi əməliyyatla bağlı “Washington Post” qəzetinin 28 fevral 2026-cı il tarixli, “Səudiyyə Ərəbistanı və İsrailin təzyiqi Trampı İrana hücum etməyə təşviq etdi” (Push from Saudis, Israel helped move Trump to attack Iran) başlıqlı məqalədə vurğulanırdı ki, Trampın İrana qarşı hərbi əməliyyata başlamaq qərarında İsrailin baş naziri Binyamin Netanyahu ilə yanaşı Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd bin Salmanın xüsusi təsiri olub.

“New York Times” qəzetinin 24 mart 2026-cı il tarixli “Səudiyyəli liderin son zənglərində Trampı İran müharibəsini davam etdirməyə təşviq etdiyi deyilir” (Saudi Leader Is Said to Push Trump to Continue Iran War in Recent Calls) başlıqlı məqalədə Məhəmməd bin Salmanın ABŞ prezidentini İrana qarşı müharibəni davam etdirməyə təşviq etdiyi, bu mövqeyini isə ABŞ-İsrail kampaniyasının Yaxın Şərqi yenidən qurmaq üçün tarixi fürsət yaratması ilə əsaslandırdığı qeyd olunur.

Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdinin bu mövqeyi bəzi ölkələrin mediasında tənqid olunsa da, qənaətimcə, Məhəmməd bin Salmanın mövqeyi ölkəsinin maraqları və özünün liderliyinin təsdiqi baxımından məntiqə uyğundur.

Məhəmməd bin Salman yaranmış vəziyyətdən maksimum istifadə etməyə çalışır. İranın ən radikal proksi qüvvələrdən biri olan “Ənsar Allah” (Allahın köməkçiləri) hərəkatının 2019-cu ildə Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco”ya hücumu Səudiyyə Ərəbistanına qarşı Tehranın siyasətinin nəticəsi olmaqla yanaşı, Səudiyyə taxt-tacının yeni vəliəhdinin mövqelərinin sarsıdılmasına yönəlmişdi. İlk imkanda bunların intiqamını almasaydı şahzadəsi Məhəmməd bin Salmanın liderliyi şübhə altına düşərdi. Buna görə də, vəliəhd şahzadənin Trampı İrana qarşı müharibəni davam etdirməyə, Tehran rejimini bitirməyə təşviq etməsi gözlənilən idi.

Vəliəhd şahzadənin belə davranacağı jurnalist Camal Qaşıqçı olayı ilə bağlı Türkiyə rəsmilərinin mövqeyinə “cavabı”ndan da bəlli idi. Səudiyyə Ərəbistanın MBC telekanalının 40 milyon dollar xərcləyib ərsəyə gətirdiyi “Atəş krallıqları” serialında ərəb coğrafiyasının Osmanlı dövləti tərəfindən fəth edildiyi dönəm “vəhşət dövrü” adlandırılmışdı. Serialın prodüseri 14 hissədən ibarət olan serialın çəkilişində məqsədin “Osmanlı dönəminin vəhşət dolu tarixini ifşa etmək istəyi” olduğunu bildirmişdi. “Atəş krallıqları” serialı Camal Qaşıqçı olayı ilə bağlı rəsmi Ankaranın tutduğu mövqeyə şahzadə Məhəmməd bin Salmanın cavabı idi.

İndi də İrandan “Ənsar Allah” (Allahın köməkçiləri) hərəkatının 2019-cu ildə “Saudi Aramco”ya hücumunun intiqamını alan şahzadə Məhəmməd bin Salman atasından sonra Səudiyyə Ərəbistanı taxt-tacını sübut etməklə yanaşı, Yaxın Şərqin yenidən dizayn edilməsində əsas söz sahiblərindən biri olmağı hədəfləyir.

Xaqani Cəfərli,
politoloq

Bizə qoşulun