Medianews.az
“Rasim Balayevi Nəsimi kimi atam kəşf etdi, imkan vermirdilər çəkilsin, atam onlarla vuruşurdu” -
115 baxış

“Rasim Balayevi Nəsimi kimi atam kəşf etdi, imkan vermirdilər çəkilsin, atam onlarla vuruşurdu” - Həsən Seyidbəylinin oğlundan ETİRAF + ÖZƏL

“Rasim Balayevin ölümü təkcə mənim üçün yox, bütün respublika üçün ağır xəbərdir. Rasimlə yaxşı münasibətim var idi, amma yaxın dost deyildik. Onu bir aktyor mənim atam kəşf etdi. “Nəsimi” filmi çəkiləndə atam Nəsimi obrazına Rasim Balayevi təklif etmişdi. O da institutu yeni bitirmişdi. Deyirdilər ki, “çox gəncdir, yaxşı oynaya bilməz”. Atam deyirdi ki, siz imkan verin, biz məşq edək. Təxminən il yarım məşq etdilər və sonra atam gördü ki, Nəsimi roluna hazırdır. Nəsimi obrazı belə yarandı. Mənim zənnimcə “Nəsimi” filmi Rasim Balayevin şah əsəridir. Atam Rasim Balayevi Nəsimi roluna çəkmək üçün az qala vuruşurdu. Vaxtilə bu işə qarışanların heç birinin kino sənətindən anlayışları yox idi. Amma atam sübut etdi ki, kim haqlıdır, kim haqsız”.

Bunu Medianews.az-a açıqlamasında xalq artisti, görkəmli rejissor Həsən Seyidbəylinin oğlu Ziya Seyidbəyli deyib.

O daha sonra əlavə edib:
“Rasim Balayev atama vəfa borcunu sona qədər ödədi. Atamın anım və doğum günlərində, yubiley tədbirlərində bizi tək qoymurdu. O bu yaxşılığı heç vaxt itirmədi. Həmişə bizə qarşı yaxşı addımlar atdı. Əlbəttə ki, itirənlər də oldu. “Babək” filmini də atam çəkməli idi. Həsən müəllim bərk xəstə idi, şəkərli diabetdən əziyyət çəkirdi. Ürəyi də yaxşı deyildi. Sonra bu filmi çəkməkdən imtina etdi. Deməzdim ki, öz xoşu ilə bu filmdi çəkməkdən imtina etdi, amma nəticədə filmi Eldar Quliyev çəkdi”.

Əli ƏSGƏR 

Medianews.az 

Bizə qoşulun