Türkiyənin Artvin vilayətində CHP-li bələdiyyə sədrinin müavini Ahmet Soysal sərxoş vəziyyətdə bələdiyyəyə məxsus avtomobili idarə edərkən jandarma əməkdaşları tərəfindən saxlanılıb.
Medianews.az xəbər verir ki, hadisə ilə bağlı onun sürücülük vəsiqəsi müsadirə olunub və inzibati cərimə tətbiq edilib.
Məlumata görə, 22 fevral gecəsi saat 02:30 radələrində Artvin Bələdiyyəsinə məxsus 08 AC 958 dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı nəqliyyat vasitəsi Cankurtaran Tunelinin içərisində təhlükəli manevr edib. Daha sonra avtomobilin Borçka rayonunun Çifteköprü kəndi ərazisində yol nişanına yüngül toxunduğu bildirilib.
Sürücünün səhhətində problem ola biləcəyi ehtimalı ilə jandarma əməkdaşları müdaxilə edib. Yoxlama zamanı avtomobili idarə edən şəxsin Ahmet Soysal olduğu müəyyənləşib.
İddialara görə, ayaq üstə dayanmaqda çətinlik çəkən Soysal spirtli içki testindən imtina edib. Prokurorun göstərişi ilə o, qan analizi üçün xəstəxanaya aparılıb.
Xəstəxanada qan nümunəsi götürülərkən Soysalın tibb bacısına qarşı müqavimət göstərdiyi, hətta hücum etməyə cəhd etdiyi bildirilir. Təhlükəsizlik kameralarının görüntülərinin yayıldığı qeyd olunur.
Hadisə zamanı bələdiyyə sədri Ercan Orhanın da xəstəxanaya gələrək sürücüsü Soysalı sakitləşdirməyə çalışdığı iddia edilir.
Soysal daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərmək və sərxoş halda avtomobil idarə etmək maddələri ilə saxlanılıb. İfadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Onun sürücülük vəsiqəsi əlindən alınıb və inzibati qaydada cərimələndiyi bildirilib. Hadisə ilə bağlı araşdırma davam edir.
Medianews.az