Medianews.az
Şahin Mustafayevin Ermənistan səfəri: SİFTƏ -
259 baxış

Şahin Mustafayevin Ermənistan səfəri: SİFTƏ - EKSKLÜZİV

Baş nazirin müavini Şahin Mustafayev aprelin 29-da Ermənistana səfər edib. O, Ermənistanla dövlət sərhədinin dəqiqləşdirilməsinə məsul dövlət komissiyasının rəhbəridir, səfər də bu çərçivədə həyata keçirilib.

Medianews.az bildirir ki, Şahin Mustafayev son onilliklərdə Azərbaycanın Ermənistana səfər etmiş ən yüksək vəzifəli şəxsidir.

Torpaqlarımızın işğal altında olduğu illərdə Azərbaycan rəsmilərinin Ermənistana səfər etməsi hadisəsi çox nadir hallarda baş verib. Bu sırada Əli İnsanovun səhiyyə naziri, Misir Mərdanovun təhsil naziri işlədikləri dövrdə Ermənistana getmələrini və İrəvandakı bəzi beynəlxalq tədbirlərdə Azərbaycanın xarici işlər nazirinin müavini səviyyəsində təmsil olunmasını misal çəkmək mümkündür.

Lakin istər o vaxt, istərsə də torpaqlarımız işğaldan azad ediləndən sonra Azərbaycanın daha yüksək vəzifəli şəxsinin, o cümlədən Baş nazir müavininin Ermənistana səfər etməsi hadisəsi - Şahin Mustafayevə qədər - heç zaman baş verməyib.

Şahin Mustafayev həm də son onilliklərdə Azərbaycandan birbaşa Ermənistana səfər etmiş ilk yüksək vəzifəli şəxsdir. Vaxtilə Ermənistanda olmuş nazirlər və nazir müavinləri ora üçüncü ölkə ərazisindən keçib getmişdilər.

Şahin Mustafayev 1965-ci ildə Dağ Borçalıda - sovet Ermənistanının Noyemberyan (İncəsu, Barana) rayonunun Cucevan (Cücəkənd) kəndində doğulub. Səkkiz il kənddə, iki il həmin rayonun mərkəzində orta təhsil alıb. İndiki Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Bakı Baş Tikinti İdarəsində baş mühasib vəzifəsində çalışıb. Vergi qurumlarında müxtəlif məsul postlar tutub, o cümlədən Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi olub. Dövlət Neft Şirkətinin İqtisadiyyat və Uçot İdarəsinin rəisi, iqtisadi məsələlər üzrə vitse-prezidenti, vergilər nazirinin birinci müavini vəzifələrində xidmət edib. İqtisadi inkişaf naziri, iqtisadiyyat və sənaye naziri, iqtisadiyyat naziri olub. 2019-cu ildən baş nazirin müavinidir. “Şöhrət” ordeni laureatıdır.

2022-ci il mayın 23-də yaradılmış Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir.

Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Qarabağda separatçı rejim qurub.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.

2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.

2024-cü il mayın 24-də Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilib.

Sədərək rayonunun Kərki, Qazax rayonunun Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.

2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Vaşinqtonda ABŞ prezidentinin şahidliyi ilə birgə bəyannamə imzalayıb sülh öhdəliyi götürüb, iki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar.

Medianews.az

Bizə qoşulun