Medianews.az
Rusiya buna görə QORXUR,
53 baxış

Rusiya buna görə QORXUR, həm də QORXUDUR – 5 gün SONRA...

Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək sammitinə sayılı günlər qaldı. Maraqlı və simptomatik olan odur ki, 4 may tədbirindən ən güclü “qarın ağrısına” düşən yerli radikal-revanşist müxalifət və bir də Rusiyadakı qırğıların təmsil olunduğu dairələrdir.

Hər iki qüvvə Bakı və İrəvan arasında sülh prosesindən narahatdır. Çünki iki qonşu xalqın barışığı, bölgədə sülh və sabitlik onların planlarına və hədəflərinə daxil deyil. Məsələ ondadır ki, əgər revanşistlər hələ də “miatsum” virusundan əziyyət çəkirsə, ikincilər, bitməyən konfliktlərə Moskvanın bölgədə yeganə qalmaq şansı kimi baxırlar.

Bu səbəbə Rusiya 2022-ci ilin oktyabrında Baş nazir Nikol Paşinyanı Qarabağı Azərbaycanın tərkib hissəsi sayan sənədi imzaladığı üçün indiyədək bağışlaya bilmir. Ona görə ki, bu qərarla Paşinyan Kremlin “Qarabağ kartını” kəsərsiz hala gətirib...

Amma Moskva ya zəlzələdən, ya vəlvələdən Paşinyan hökuməti ilə işləmək zorundadır. Birinci o səbəbə ki, Ukraynaya təcavüzə görə dünyada düşmənləri onsuz da çoxdur. Hətta özünü Rusiyaya dost-tərəfdaş kimi göstərənlər belə, əslində, gerçək dost-tərəfdaş deyillər. Bunu Kremldə də bilirlər. Qısası, Ukrayna məsələsi Rusiyaya onsuz da zəif olan etimadı sarsıdıb. Onu silah gücünə, “xox” gəlməklə, hədələrlə bərpa eləmək mümkünsüz.

İkincisi və daha mühümü, Paşinyan öz ölkəsində kifayət qədər ictimai dəstəyə malikdir. Hər halda, rəy sorğularına əsasən ən reytinqli siyasi qüvvə məhz hakim “Mülki Müqavilə” partiyasıdır. Bu reallıqlar fonunda Moskvanın ictimai rəyə qarşı “balta” ilə işləməsi əks-effekt yarada bilər...

Mətləbdən uzaqlaşmayaq. Təsadüfi deyil ki, həm erməni radikalları və ümumən Moskvaya bağlı proksi-müxalifət, həm də Rusiyadakı siyasi qırğılar və məlum çevrələr Avropa Siyasi Birliyinin İrəvan zirvəsini parlament seçkiləri öncəsi Paşinyanın mövqeyini gücləndirəcək tədbir sayırlar. Erməni opponentlər tədbirin ləğvi üçün rəsmi Brüsselə müraciət də göndəriblər.

“Moskva Qərbin və regional oyunçuların Ermənistanın daxili siyasətinə müdaxiləsini ölkənin ləyaqətinin aşağılanması kimi görür”.

Bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı tədqiqatçısı Nikolay Silayev sammitlə bağlı danışarkən deyib. Silayev hesab edir ki, İrəvan zirvəsi sırf Paşinyanın təbliğat kampaniyasına bir hədiyyədir (Axar.az).

Николай Силаев предлагает начать экспертный диалог с российскими и азербайджанскими экспертами

“Ermənistanın ləyaqəti”nin dərdi çəkənə bax. İnanan daşa dönsün. Motiv əlbəttə ki, bambaşqadır, daha dəqiqi, yazının girişində altını cızdığımızdır. Buna onun sonrakı cümlələrindən də əminlik hasil eləmək olar.

Sitat: “AB-nin Ermənistan baş nazirinə aktiv dəstəyi Moskva üçün gözlənilməz deyil. 2022-ci ilin oktyabr ayı (!! – Z.S.) Ermənistanın Rusiyadan uzaqlaşmasında ən həlledici addımdır. O zaman Paşinyan Avropa Birliyinin təzyiqi altında (?! – Z.S.) Qarabağı Azərbaycan ərazisi kimi tanıdı və otuz ildən çox davam edən danışıqların əsasını təşkil edən mübahisəli status mübahisəsindən faktiki olaraq imtina etdi”.

Avropa Birliyinin Qarabağ məsələsində Paşinyana guya təzyiq göstərməsi də təbii ki, ağ yalandır. Ermənistan rəhbəri Praqa sənədini (oktyabr, 2022) sadəcə, Bakının 44 günlük müharibə ilə yaratdığı yeni status-kvonun diktəsi ilə imzalayıb.

Bununla belə, Silayev sonda deyir ki, əgər Paşinyan seçkilərdə qalib gələrsə, Rusiya onunla əməkdaşlıq etməlidir. “Başqa nə edə bilərik? Amma İrəvan Moskva ilə son bağlantıları qırmaq kursu götürsə, yəni, AB-yə üzvlük istiqamətində irəliləsə, nəticələrinə görə tam məsuliyyəti Ermənistan hakimiyyəti daşıyacaq”, - əlavə edib.

Beləcə, Rusiya faktiki həm qorxur, həm də qorxudur. Həm Nikol Paşinyan partiyasının növbəti dəfə qalib olma variantını ciddiyə alır, onunla yola davamı mümkün sayır, həm də onu Avropa Birliyi məsələsi ilə təhdid edir. Hərçənd, Ermənistan iki əsas qonşusu – Azərbaycan və Türkiyə ilə münasibətləri düzəldə bilsə və barışsa, onun nə AB-yə, nə ABŞ-yə, nə də elə Rusiyaya xüsusi ehtiyacı qalmayacaq. Nədən ki, indiki asılılıq qalmayacaq.

İyunun 7-də bu məsələyə qəti olaraq aydınlıq gələcək. Hətta yağlı bir NÖQTƏ qoyulacaq...

Z. SƏFƏROĞLU

Bizə qoşulun