Macarıstanda baş nazirlik müddəti məhdudlaşır.
Medianews.az xəbər verir ki, iyunun 16-da parlamentdən keçən konstitusiya dəyişikliyinə görə, heç kim ümumilikdə səkkiz ildən artıq baş nazir postu tuta bilməz.
Yenilik 2 may 1990-cı ildən baş nazir olmuş bütün şəxsləri əhatə edir.
1990-2026-cı illərdə Macarıstanda yalnız bir şəxs səkkiz ildən çox baş nazir olub: Macar Vətəndaş İttifaqının lideri Viktor Orban. O, 1998-2002 və 2010-2026-cı illərdə baş nazirlik eləyib.
Ölkədə aprelin 12-də keçirilmiş parlament seçkisini Peter Macarın Hörmət və Azadlıq Partiyası udaraq hökumət qurmaq hüququ əldə edib. Mayın 9-da Peter Macar baş nazir kürsüsünə oturub.
199 nəfərlik Macarıstan parlamentində Hörmət və Azadlıq Partiyası 141 mandatla təmsil olunur.
Macar Vətəndaş İttifaqının 44, onun müttəfiqi olan Xristian Demokrat Xalq Partiyasının 8, Bizim Vətən Partiyasının 6 mandatı var.
1981-ci il təvəllüdlü Peter Macar 2002-2024-cü illərdə Macar Vətəndaş İttifaqının üzvü olub. Viktor Orbanla yolları ayrılandan sonra Peter Macar Hörmət və Azadlıq Partiyasına qoşularaq 2024-cü il iyulun 22-də qurumun lideri seçilib.