Medianews.az
“Müasir Psixoloji Dəstək” İB tərəfindən “Erkən nikahın psixoloji fəsadları”
134 baxış

“Müasir Psixoloji Dəstək” İB tərəfindən “Erkən nikahın psixoloji fəsadları” layihəsi uğurla başa çatdırılıb

“Müasir Psixoloji Dəstək” İctimai Birliyi tərəfindən erkən nikahların cəmiyyətə, xüsusilə də yeniyetmə və gənclərin psixoloji sağlamlığına təsirlərinin araşdırılması və bu sahədə maarifləndirmənin gücləndirilməsi məqsədilə həyata keçirilən “Erkən nikahın psixoloji fəsadları” adlı layihə uğurla başa çatıb.

Medianews.az bildirir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Layihənin əsas məqsədi erkən nikahların yaratdığı psixoloji travmalar, şəxsiyyət inkişafında yaranan problemlər, ailədaxili münasibətlərdəki çətinliklər və sosial adaptasiya məsələləri barədə ictimaiyyəti məlumatlandırmaq olmuşdur. Eyni zamanda, layihə çərçivəsində risk qrupuna daxil olan yeniyetmələr, valideynlər və müəllimlər üçün maarifləndirici fəaliyyətlər təşkil edilib.

Layihə çərçivəsində erkən nikahın psixoloji təsirlərinə həsr olunmuş seminar və təlimlər keçirilmiş, psixoloqların iştirakı ilə açıq müzakirələr təşkil olunmuşdur. Bununla yanaşı, analitik məqalələr hazırlanaraq yayımlanmış, sosial media platformalarında geniş maarifləndirmə kampaniyaları aparılmışdır. Layihə çərçivəsində gənclər üçün psixoloji dəstək mexanizmlərinin təşviqi istiqamətində də müxtəlif maarifləndirici fəaliyyətlər həyata keçirilib.

“Müasir Psixoloji Dəstək” İctimai Birliyi layihənin icrası müddətində bir daha diqqətə çatdırmışdır ki, erkən nikah problemi yalnız hüquqi və sosial məsələ deyil, eyni zamanda ciddi psixoloji nəticələr doğuran mühüm ictimai problemdir. Bu baxımdan layihə fərdlərin psixoloji rifahının qorunmasına, sağlam ailə münasibətlərinin təşviqinə və cəmiyyətin dayanıqlı inkişafına töhfə verib.

Layihə çərçivəsində hazırlanmış maarifləndirici materiallar, keçirilmiş təlimlər, seminarlar və digər tədbirlər vasitəsilə erkən nikahın psixoloji fəsadları barədə ictimai məlumatlılığın artırılmasına, xüsusilə yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin, təhsil və şəxsi inkişafın əhəmiyyətinin təbliğinə mühüm töhfə verilib.

Bizə qoşulun