Ermənistan Mərkəzi Seçki Komissiyası konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməsi üzrə vətəndaş təşəbbüsünü təsdiqləyib.
Lakin söhbət Azərbaycanla sülh sazişinin irəlilədilməsi üçün əsas qanuna düzəliş etməyi nəzərdə tutan hökumət variantından getmir.
Referendum layihəsinin təşəbbüskarı ölkə parlamentinin yeni tərkibində təmsil olunmayan Avrasiya Alyansıdır.
Təşəbbüsün məqsədi artıq imzalanmış sənədlərə zidd olan beynəlxalq sazişlərin imzalanmasına qoyulan qadağanı konstitusiyada təsbit etməkdir. Faktiki olaraq Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünün qorunması, özü də artıq konstitusion əsasda saxlanılması təklif olunur.
Son bir neçə ayda “İrəvanın iki inteqrasiya stulunda oturması” mövzusu, yəqin ki, həm siyasi, həm də ekspert səviyyəsində ən çox müzakirə olunan məsələlərdən biri olub.
Ermənistanda keçirilən parlament seçkiləri bu müzakirəyə xüsusi kəskinlik verib. Həmin seçkilərdə təkcə daxili siyasət problemləri deyil, xarici siyasət seçimi də ümumi diqqət mərkəzində olub.
Məhz həmin dövrdə İrəvan üçün optimal kursun seçilməsi ilə bağlı mümkün referendum mövzusu da gündəmə gətirilib.
Astanada keçirilən Avrasiya İqtisadi İttifaqı sammitində bu inteqrasiya birliyinin dörd üzv dövlətinin - Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın liderləri erməni tərəfdaşlarını prioritetlərini mümkün qədər qısa müddətdə müəyyənləşdirməyə çağırıblar.
Onların birgə bəyanatında belə qiymətləndirmə səslənib: “Ermənistan Respublikasında Avropa İttifaqına qoşulmaq və ya Avrasiya İqtisadi İttifaqının tərkibində qalmaq məsələsi üzrə ümumxalq referendumunun keçirilməsinin zəruriliyi barədə mövqeyi bölüşürük”.
Bundan daha əvvəl, 2026-cı il aprelin 1-də keçirilən görüş zamanı Rusiya prezidenti Vladimir Putin də Nikol Paşinyandan eyni addımı tələb etmişdi.
Seçkilər başa çatdı. Lakin Ermənistan hakimiyyəti mövqeyini müəyyənləşdirməyə tələsmədi.
Digər siyasətçilər təşəbbüsü ələ keçirməyə çalışdılar. Ermənistan Milli Assambleyasının beşinci, altıncı və yeddinci çağırışlarında deputat olmuş Tiqran Urixanyan bu layihənin “səsi”nə çevrildi.
İndi referendumun baş tutması üçün təşəbbüs qrupu ən azı 200 min imza toplamalıdır. İmza toplama kampaniyası avqustun 3-də başlayacaq.
Görünür, Ermənistan hökumətinin tənqidçiləri bu layihənin hakimiyyətin mövqeyini sarsıda biləcəyini düşünürlər. Lakin hər şey o qədər də sadə deyil.
Tiqran Urixanyan ölkədə ən tanınmış simalardan biri deyil. Onun keçmişdə Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Sarukyanla sıx əlaqələri təşəbbüsün uğurla irəlilədilməsi üçün ciddi problemlər yaradır.
Məşhur inzibati resurs isə hələlik müxalifətin deyil, hakimiyyətin əlindədir.
İmza toplama kampaniyasının uğursuzluğunun hakim partiya tərəfindən “Avrasiya layihəsi”nin iflasının sübutu kimi istifadə edilməsi riski də var. İctimai rəylə manipulyasiya etmək üçün hakimiyyətin imkanları qat-qat çoxdur.
Lakin bir həqiqət də var - yolu gedən qət edər.
Müxalifət üçün effektivliyinin sıfıra yaxın olmadığını sübut etmək imkanı yaranır.
Elçin Alıoğlu,
politoloq